Azərbaycanın meşə fındığı ixracından əldə etdiyi gəlir məlum olub

1 Fevral 2025 18:00 (UTC+04:00)

Ötən il Azərbaycan 128,9 milyon ABŞ dolları dəyərində 20,2 min ton meşə fındığı ixrac edib.

Bu barədə Aznews.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə dəyər baxımından 5,7 milyon ABŞ dolları (4,6%) çox, həcm baxımından isə 3,2 min ton (13,8%) azdır.

2024-cü ildə meşə fındığı ixracı ölkənin ümumi ixracının 0,49%-ni, qeyri-neft sektoru üzrə ixracının isə 3,84%-ni təşkil edib.

Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycandan 707,8 milyon ABŞ dolları dəyərində 686,2 min ton meyvvə və tərəvəz ixrac olunub. 2023-cü ildəki göstəricilərlə müqayisədə ixrac edilən meyvə və tərəvəzin dəyəri 18,1 milyon ABŞ dolları (2,5%), həcmi isə 35,8 min ton (5%) azalıb.

Hesabat dövründə meyvə və tərəvəzin ümumi ixracdakı payı 2,67%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 21,09%-ə bərabər olub.

Həmçinin ötən il Azərbaycana ümumi dəyəri 281,8 milyon ABŞ dolları olan 375 min ton meyvə və tərəvəz idxal olunub. 2023-cü ildəki göstəricilərə nisbətən meyvə və tərəvəz idxalının dəyəri 51,9 milyon ABŞ dolları (22,6%), həcmi isə 22,2 min ton (6,3%) artıb.

Hesabat dövründə meyvə və tərəvəzin ümumi idxaldakı payı 1,34% təşkil edib.