Gənclərə dəstək çərçivəsində üstünlük veriləcək layihələr açıqlanıb

1 Fevral 2025 19:00 (UTC+04:00)

Azərbaycanda gənclərin iştirakı ilə keçirilən ekoloji aksiyalar, ağacəkmə kampaniyaları COP29 tədbirinin davamıdır.

Aznews.az xəbər verir ki, bu fikirləri Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov 2 fevral Gənclər Günü münasibətilə keçirilən ağacəkmə aksiyasında deyib.

O qeyd edib ki, gənclərin ekoloji biliklərini artırmaq, onları bu sahədə maarifləndirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, gənclər təşkilatları ilə birlikdə uğurlu aksiya həyata keçirilə bilər:

"Hazırda bir hektardan çox ərazidə mindən çox ağacın əkilməsi reallaşdırılır. Buraya könüllüləri cəlb etmişik, tələbələr imtahan sessiyası dövrü olmasına baxmayaraq, aktiv, fəal iştirak edirlər. Bu aksiyalar digər gənclər üçün də böyük motivasiyadır ki, gələcəkdə onlar da belə tədbirlər qoşulsunlar”.

Q.Xəlilov vurğulayıb ki, Gənclər Fondu ölkədə və dünyada gedən əsas prosesləri nəzərə alaraq buna uyğun fəaliyyətlər həyata keçirir. Onun sözlərinə görə, 2025-ci ildə də gənclərin uyğun istiqamətlərdəki layihələri Fond tərəfindən dəstəklənəcək:

“Bilirsiniz ki, bütün dünyada iqlim dəyişikliyi problemi daim aktualdır və uzun illər belə qalacaq. Biz bu prosesdən kənarda qalmırıq və müvafiq tədbirlər həyata keçiririk. Bundan başqa, gənclərin süni intellekt alətlərindən istifadəsi, rəqəmsal bacarıqların artırılması ilə bağlı tədbirlər tərəfimizdən dəstəklənir. Ümumiyyətlə, könüllülük sisteminin inkişafı daim bizim üçün prioritet olaraq qalır. Yay aylarında düşərgələrin təşkili, səyyar gənclər xidməti, intellektual oyunlar, bununla müasir, vacib mövzuların, vətənpərvərlik kimi aktual məsələlərin daim gündəmdə saxlanılması məqsədəuyğun hesab edilir. Həmçinin, Ulu öndərin irsi, Qərbi Azərbaycan məsələsi, “Konstitusiya və Suverenlik İli” çərçivəsində müxtəlif tədbirlərin həyata keçirilməsi də builki məqsədlərimiz sırasındadır. Ona görə gənclər tərəfindən bu mövzulardakı layihələrin hazırlanması və inkişaf etdirilməsini gözləyirik”.