Kinosevərlərin ixtiyarına verilən “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin növbəti təqdimatı fevralın 7-də Laçın şəhərində “Lacinema” Kino Mərkəzində keçiriləcək.
Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, “Azərbaycan Atabəyləri” bədii-sənədli filmi milli dövlətçiliyimizin, mədəniyyətimizin intibah dövrü sayılan 12-13-cü əsrləri əks etdirir.
Azərbaycan Televiziyası, “Şahdağfilm”, qardaş Türkiyənin “İkinciYeniFilm” prodakşnlarının birgə səyi ilə ərsəyə gələn filmdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, eyni zamanda, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) rəsmi tərəfdaş qismində yer alır.
Film orta əsrlərdə yaşamış türk dünyasının iki böyük tarixi şəxsiyyəti, cəsur sərkərdələr - Qara Sungur və Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin hekayəsini anladır. Ekran əsəri izləyiciləri XII əsrin möhtəşəm mühitinə apararaq, Azərbaycanın zəngin və şanlı tarixinə işıq salır, həmin dövr milli-mənəvi irsimizin təbliğatçısı kimi çıxış edir.
AzNews.az