USAID tarixə qovuşur: Dünyanın əsas destabilizasiya mənbələrindən biri ləğv olunur - TƏHLİL

4 Fevral 2025 11:23 (UTC+04:00)

Donald Trampın ABŞ Prezidenti seçilməsi ilə ölkənin daxili və xarici siyasət prioritetlərinin əsaslı şəkildə dəyişdiyi müşahidə olunur. Ağ Evin yeni sahibinin seçkidən sonra atdığı ilk addımlar onun daha rasional siyasət yürüdəcəyini söyləməyə əsas verir. Buna işarə edən başlıca siqnallardan biri yarandığı gündən Vaşinqtonun yumşaq güc rıçaqı kimi istifadə etdiyi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) adlı iri donor təşkilatının fəaliyyətini məhdudlaşdırmasına yönəlik qərarlardır. Agentliyin veb-saytının artıq fəaliyyətini dayandırdığı, onun adının yazıldığı lövhələrin isə Vaşinqtonun mərkəzindəki baş qərargahın binasından yığışdırıldığı bildirilir. Agentliyin “X”-dəki hesabı da ləğv olunub. Bundan başqa, Qərb mediası USAID-in fəaliyyətini tənqid edən prezident Donald Trampın onu Dövlət Departamenti ilə birləşdirməyi və işçilərini ixtisar etməyi planlaşdırdığı, bunu yaxın günlərdə elan edəcəyini yazıb.

Hadisələrin ardıcıllığı USAID-in müstəqil qurum kimi fəaliyyətini dayandıracağını deməyə əsas verir. Bu isə ABŞ-ın xarici siyasətində son illərdə baş verən ən əsaslı dəyişikliklərdən biri olacaq. Çünki əsas missiyasının dünyada yoxsulluğun azaldılmasına, demokratik idarəçiliyin güclənməsinə, insanların humanitar böhranlardan çıxmasına yardım etmək olduğunu elan edən USAID, əslində, ABŞ-nin əsas “yumşaq güc” vasitələrindən biri idi. Agentlik demokratiyaya dəstək və iqtisadi layihələr adı ilə dünyanın 80-dən çox ölkəsinə nüfuz edib. Qurum müəyyən humanitar layihələr, sahibkarlığa, qadın hüquqlarına dəstək, təhsil, tibb və s. sahələrdə sosial layihələr gerçəkləşdirsə də, mahiyyət etibarilə Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) alt strukturu kimi çalışırdı. Təsadüfi deyil ki, MKİ-nin keçmiş direktoru Con Gilliqan “USAID-ə yuxarıdan aşağıya kimi, xaricdə könüllü kimi fəaliyyətdən dinə qədər bütün fəaliyyət istiqamətlərində MKİ agentləri yerləşdirilib”, deyə etiraf etmişdi. Ölkənin hərbi və kəşfiyyat dairələri USAID-dən ABŞ-ın dost saymadığı ölkələrdə mövcud ictimai-siyasi quruluşun dəyişməsi üçün “yumşaq güc”, “rəngli inqilab”lar həyata keçirmək üçün vasitəsi kimi istifadə edirdi. Belə aksiyalara zəmin yaratmaq üçün isə illərlə həmin ölkələrdəki qeyri-hökumət təşkilatlarına, vətəndaş cəmiyyətinə, mediaya və s. müxtəlif sahələrdə dəstək adı altında çoxmilyonlu qrant vasitələri ayrılır, vəsaitlərin xərclənməsi ilə bağlı şəffaflıq pozulurdu.

Dünyada iri donor təşkilatlardan biri olan USAID ötən illərdə bir çox qalmaqallarla yaddaşlarda qalıb. Bunun ən parlaq nümunələrdən biri Kubada “rəngli inqilab” törətmək cəhdi ilə bağlıdır. 2010-cu ildə ada dövlətində “ZunZuneo” sosial şəbəkəsi fəaliyyətə başladı. “Associated Press“-in araşdırması zamanı aydın oldu ki, sosial şəbəkə USAID tərəfindən ölkədə etirazçı kütləni koordinasiya etmək üçün yaradılıb və maliyyələşmənin USAİD-dən qaynaqlandığını gizlətmək üçün bir sıra saxta şirkətlər zəncirindən istifadə olunub. Hətta ABŞ Konqresi belə Mərkəzi Kəşfiyyat İdarəsi və USAID-in gizli oyunundan xəbərsiz idi və tamamilə fərqli bir layihəyə səs verdiyinə inanırdı.

USAID-in xarici hökumətləri devirmək üçün Latın Amerikasında QİÇS-in qarşısının alınması üzrə saxta seminarlar təşkil etməsi, Əfqanıstanda heroinin yetişdirilməsinə maliyyə dəstəyi verməsi, Soros tərəfindən maliyyələşən prokurorlar qrupuna 27 mln. dollar ayırması və bu vəsaitlər müqabilində təqib olunacaq vətəndaşlar və siyasətçilərə dair istiqamətlər verməsi, özünü “ciddi” və “müstəqil” jurnalist araşdırmalar qrupu kimi təqdim edən, ölkəmizə qarşı daim dezinformasiya yayan OCCRP-yə 20 mln. dollar qonorar qarşılığında Nyu-Yorkun meri və prezident Trampın kibertəhülkəsizlik üzrə keçmiş müşaviri Rudolf Culianiyə qarşı kompromat tapmaq barədə göstərişi USAID-in qanunsuz əməllərinin yalnız bir hissəsidir. Yaxud 2023-cü ilin oktyabrında Gürcüstanda USAID-i ölkədə hakimiyyət dəyişikliyi məqsədilə zorakı etiraz aksiyası metodları üzrə təlim keçən 3 Serbiya vətəndaşını maliyyələşdirməkdə ittiham olunmasını xatırlamaq olar. Son aylarda Gürcüstanda demokratik şəraitdə keçirilən seçkilərə etiraz edən və iğtişaşa törədən bir qrup fəalın da hansı mənbədən maliyyələşdiyi əslində sual doğurmur. Yaxud USAID-in hədəfində olan ölkələrdən biri Serbiyada 2024-cü ilin noyabrından keçirilən etiraz aksiyalarında iştirak edən QHT və siyasi qüvvələrin haradan yönləndirildiyi sirr olmamalıdır.

USAID-in bu qəbildən olan fəaliyyətləri saymaqla bitməz.

Təsadüfi deyil ki, yeni ABŞ Administrasiyası da USAID-in qanunsuz fəaliyyəti, hər il amerikalı vergi ödəyicilərinin milyardlarla dollar vəsaitini qaranlıq layihələrə, “rəngli inqilab”lara və geosiyasi avantüralara xərcləməsini önləməyə, maliyyə şəffaflığına nail olmağa çalışır. ABŞ səhiyyə naziri postuna namizədliyi irəli sürən oğul Robet Kennedi bu barədə jurnalist Taker Karlsona açıqlamasında açıq deyib.

“Ukraynada Maydan adlı iğtişaşlar olur, amma bizə deyilmir ki, biz bu iğtişaşları maliyyələşdiririk. Qəzetlər bizə heç vaxt deməyiblər, hökumətimiz bizə deməyib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin əlaltısı olan USAID bu iğtişaşların maliyyələşdirilməsinə 5 milyard dollar ayırıb”, - Kennedi bildirib.

ABŞ lideri Donald Tramp və onun komandasına daxil olan İlon Mask da Agentliyin xarici yardımlarının 90 gün müddətinə dondurulması barədə qərardan az öncə bu qurumun fəaliyyəti ilə bağlı çoxsaylı sualların olduğunu açıqlamışdı.

“USAID-i radikal çılğınlar idarə edib. Biz onları çıxaracağıq, sonra növbəti qərarı verəcəyik”, - deyə Tram açıqlayıb.

Dünyanın ən zəngin adamı və Trampın ən yaxın çevrəsinə daxil olan İlon Mask isə “USAID-i beynəlxalq cinayətkar təşkilat” adlandırıb, onun ünvanına müxtəlif ağır ittihamlar səsləndirib, hətta bioloji silah maliyyələşdirilməsində günahlandırıb.

Proqnozlaşdırmaq olar ki, USAID-in ləğvi yaxud onun Dövlət Departamentinə birləşdirilməsi bütün dünyada stabilliyə xidmət edən addım olacaq. Görünür, praqmatik Ağ Ev Administrasiyası da bunu anlayır, eyni zamanda dövlət vəsaitlərinin qlobal destabiliziya prosesləri üçün xərclənməsini istəmir.

Xüsusi vurğulamaq yerinə düşər ki, USAID ölkəmizə qarşı da yalançı narrativlərin yayılmasında, dezinformasiya kampaniyasında aktiv iştirak edib. USAID-in Azərbaycandakı fəaliyyətindəki mənfi təsiri qeyri-şəffaflıq, qapalılıq və siyasi proseslərə müdaxilə ilə yanaşı, “etnik təmizləmə” kimi saxta ittihamlarda da özünü göstərib. Bu yanaşma xüsusən USAID-in sayca 19-cu direktoru olan Samanta Pauer tərəfindən aktiv aparıldı. Qarabağı könüllü tərk edən erməni sakinlərin “etnik təmizləmə”yə uğradığını deyən Pauer periodik olaraq onlara ABŞ vergi ödəyicilərinin milyonlarla vəsaitini yönəldirdi. Halbuki evlərindən didərgin salınan, 30 il doğma torpaqlarına ayaq basa bilməyən 1 milyondan çox azərbaycanlının hüququndan, çəkdiyi acı barədə fəzliyyəti boyu bir dəfə də danışmamışdı.

Həmin vaxt Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında Samanta Pauerə qərəzli sözlərinə görə layiqli cavab vermişdi. O, “İnsan haqları” təlimləri professoru kimi tanınan USAID direktorunun Ermənistanın günahsız mülki azərbaycanlılara qarşı törətdiyi soyqırımı və vəhşilik aktları qarşısında tamamilə susqun qalmasını xatırladaraq, fikirlərini USAID-in Azərbaycandakı 32 illik fəaliyyətinə nöqtə qoyacaq sözlərlə bitirmişdi: “Maskaları çıxarın! Azərbaycanda artıq USAID-in fəaliyyətinə yer yoxdur!”

Rusiyada qanunsuz yollarla, maliyyə maxinasiyaları ilə varlanan iş adamı, hazırda Azərbaycanda ədalət məhkəməsi qarşısında dayanan Ruben Vardanyanla dostluq edən ermənipərəst Samanta Pauer həm də öz siyasi savadsızlığı, aşkar qərəzi və USAID-in yaradılma səbəblərinə zidd fəaliyyəti ilə qurumun nüfuzunun zədələnməsinə töhfəsini vermiş oldu.

Bu məqamda bir daha hadisələri analiz etmək qabiliyyəti və uzaqgörənliyi ilə dünyanın azsaylı siyasi liderləri sırasında olan Azərbaycan Prezidenti İlham Əliyevin müdrikliyini qeyd etmək lazım gəlir. Ölkə başçısı ötən il dekabr ayının 18-də Rusiyanın “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində USAID-i gözləyən aqibəti dəqiqliklə təxmin etmişdi.

“Bax, onların USAID adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə bizə lazım olan məsələdə deyil.

...Zənnimcə, Tramp onu qadağan edə bilər.

...Mən düşündüyümü deyirəm, o, ümumiyyətlə, sıradan çıxa bilər”, - deyə dövlət başçısı qeyd etmişdi.

Xatırlatmaq yerinə düşər ki, müstəqil siyasət yeritdiyinə görə Azərbaycan daim USAID tərəfindən maliyyələşdirilən hibrid təhdidlər və beynəlxalq dezinformasiya kampaniyaları ilə üzləşmişdi. Bu təzyiqlərə, qarayaxma kampaniyalarına, ölkə daxilində süni gərginlik və süni gündəm yaratmaq cəhdlərinə baxmayaraq, Bakı heç vaxt müstəqil xarici siyasət yolundan dönmədi. Son baş verənlər isə Azərbaycan hakimiyyətinin və dövlətinin tutduğu yolun nə qədər doğru və müdrik olduğu bir daha göstərir. Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri fiaskoya uğrayan, daim ermənipərəst mövqeyi ilə seçilən USAID artıq rüsvayçı şəkildə tarixin arxivinə yollanır.

APA Analytics