Bakıdakı Səudiyyə Ərəbistanı Mərkəzi yeni layihələr hazırlayır

4 Fevral 2025 13:17 (UTC+04:00)

Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının baş direktoru Abdulla Əl-Vaşmi Azərbaycana səfəri çərçivəsində Bakı Avrasiya Universitetinin nəzdindəki Səudiyyə Ərəbistanı Mərkəzində olub.

Mərkəzin direktoru, dosent Ülviyyə Hüseynova qonaqlara onun fəaliyyəti barədə məlumat verib.

Onun sözlərinə görə, son illər Azərbaycanda ərəb dilinin öyrənilməsinə marağın artdığı müşahidə olunur.

Ü.Hüseynova qeyd edib ki, Mərkəz Bakıdakı ərəbdilli səfirliklərlə fəal əməkdaşlıq edir.

"Mərkəzimiz bir çox layihələr planlaşdırıb. Bunlardan biri də istəyən hər kəs üçün pulsuz ərəb dili dərslərinin təşkilidir. Biz bu təşəbbüsü ayrı-ayrı sektorlarda müxtəlif nazirlik və təşkilatlara təqdim etdik və çoxlu müsbət rəylər aldıq. Ümid edirik ki, bu ideya öz bəhrəsini verəcək", - Ü.Hüseynova qeyd edib.

Baş direktor Abdulla Əl-Vaşmi jurnalistlərlə söhbətində Səudiyyə Ərəbistanında ərəb dilinə çox həssas münasibət göstərildiyini vurğulayıb.

"Biz Bakıdakı mərkəzin fəaliyyətini izləyirik və burada fəaliyyətimizi genişləndirəcəyimizə ümid edirik. Bu məqsədlər üçün Səudiyyə Ərəbistanının Bakıdakı səfirliyi ilə sıx əməkdaşlıq edirik", – o əlavə edib.

Qeyd edək ki, Azərbaycanda 6 il bundan əvvəl yaradılmış Səudiyyə Ərəbistanı Mərkəzi Beynəlxalq Ərəb Dili Akademiyasının dünyada ilk və yeganə filialıdır.

Bundan əlavə, bu ildən etibarən Azərbaycanda ilk dəfə olaraq IELTS-ə bənzər Ərəb dili üzrə Test Mərkəzi yaradılır ki, bu da ərəb dili biliklərinin beynəlxalq sertifikatlaşdırılmasında mühüm addım olacaq.