"Laçın qəribə bir dünyadır. Ordan Bakıya qayıdacağımı düşünəndə dəli olurdum" - Ağalar Bayramla müsahibə

4 Fevral 2025 19:03 (UTC+04:00)

AzNews.az analitik-informasiya portalının suallarını Respublikanın Əməkdar artisti Ağalar Bayram cavablandırır

- Ağalar müəllim, eşitdik ki, torpaqlarımız işğaldan azad olunandan sonra dəfələrlə yolunuz Laçına düşüb. Necə getdiniz, necə gəldiniz?

- Doğrusu, torpaqlarımızın işğaldan azad olunmasından sonra, ilk dəfə yolum Qubadlı rayonunun Xocahan kəndinə düşdü. 2021-ci ilin yanvarın 30-u Qubadlı işğaldan azad olunduqdan bir ay sonra 30 ildir görmədiyim doqquz yaşlı oğlumun qəbrini ziyarət etməyə getmişdim. Sonra isə Şuşada oldum. Şuşada çox olmuşam. Laçına isə qırıla-qırıla qalmışdım, gedə bilmirdim, nəhayət yol açıldı. 2023-2024-cü illərdə Laçına dörd dəfə getmişəm.

- Laçın Sizi necə qarşıladı, Siz Laçını necə gördünüz?

- Minkəndə getdim, heyrətdən donub qaldım. Bozlu kəndi var, orada baxıb, öz-özümə dedim: İlahi, bax, gör, biz hansı torpaqları itirmişik! Laçının özünə baxanda gözəlliyindən gözüm qamaşdı. Demək olar ki, səkkiz aya Laçın şəhəri bərpa olunmuşdu. Sonra isə 2024-cü ildə ömür-gün yoldaşımla, qaynımı götürüb həm Qubadlıya, həm də Laçına səfər etdim.

- Laçını gəzə bildinizmi? Haraları gördünüz?

- Hə, Laçını qarış-qarış gəzdim. Zabuxda, Qarıkahada dostlarım var, orada qaldım. Sonra isə keçən il iyulun 18-də Şuşaya getmişdim. Oradan qayıdandan sonra dövlət səviyyəsində dəvət aldım. Rəhmətlik Məhəbbət Kazımovun xatirə gecəsinə getdim. İki gün də orada oldum. 2023-cü ilin avqustun 26-da həm Laçının yaranmasının 100 illiyi və eləcə də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ad günü idi. Böyük bir dövlət tədbir idi. Açıq havada çox gözəl çıxışlar oldu. Yazıçılar Birliyinin üzvləri ilə bir yerdə poeziya gecəsi oldu. Bütün işğaldan azad olunmuş rayonlarımız mənə əzizdir. Ancaq mənim üçün Laçın bir başqa cürdür. Laçında o hündür dövlət bayrağı uzanan yerdə, ordan Laçına baxanda şəxsən qanadlanıb uçmaq istəyirəm. Elə bilirəm ki, Azərbaycan bütün gözəlliyi ilə ordan görünür. İstəyirəm ora gedəm. Mənim ailəvi dostum var, azərbaycanlıdır, ancaq Ukrayna vətəndaşıdır. Fikirləşirəm, oraya onu öz maşınla aparım. Laçın üçün çox darıxıram. Hər gün də olmasa, oradakı dostlarıma gün aşırı zəng edirəm. Orada işləyən dövlət yetkililəri var, onlarla ünsiyyətdə oluram. Laçın qəribə bir dünyadır.

- Laçına qayıdış var, Laçın şəhərində və bəzi kəndlərdə insanlar yenidən məskunlaşıb. Camaatın ovqatı necədir?

- Laçının Qarıqışlaq, Minkənd, Kamallı kəndini qarış-qarış gəzmişəm. O bulaqlara baxmışam, o İstisu, nə bilim söz tapa bilmirəm. Dilim-ağzım quruyur. Bu dəfə gedəndə Sarı Aşığın qəbrini ziyarət etmək istəyirəm. Keçən dəfə dedilər hələ düzəldilməyib. Sarı Aşıq böyük aşıq olub. Mənim dostum İlham Qəhrəman, Laçının Sus kəndindəndir. Çox dəyərli şairdir. Orada onun misralarını səsləndirmişəm. “Bu gecə evimiz yadıma düşdü” adlı şeirini. Mən dünyanı qarış-qarış gəzmişəm. Ancaq sən demə, dünyanın gözəlliyi qurbanı olduğum, qadasını aldığım Laçında imiş.

- Hansı tədbirlərdə iştirak etdiniz?

- Öz istəyimlə getdiyim səfərlərdən başqa, Məhəbbət Kazımovun xatirə gecəsi, Laçın şəhərinin yaranması və eləcə də hörmətli Mehriban xanımın ad günü ilə bağlı tədbirlərdə iştirak etmişəm. - Laçında Məhəbbət Kazımovun xatirə gecəsində və eləcə də Laçının yaranmasının 100 illiyi ilə bağlı tədbirdə qurban olum bu xalqa, bu millətə onların əlindən qurtara bilmirdim. Şəkil çəkdirənlər növbəyə düzülmüşdü. Evinə dəvət edən, qonaq çağıran yaşlı adamlar çox idi. Laçının içi ilə gedirəm, qarşıma çıxıb onlarlıq nə qulluğumun olduğunu soruşurlar. Laçında böyük bir sevinc, fərəh gördüm. Ağrı-acılı günlərimiz çox olub. Mən laçınları başa düşürəm. Nə qədər itkilər vermişik, İlahi. Oradan gəlib söz tapa bilmirəm. Laçından qayıdanda Qubadlının Qəzyan kəndinə getdim. Milli Qəhrəman Əliyar Əliyevin qəbrini dəfələrlə ziyarət etmişəm. Bu dəfə də ziyarət etdim. Çünki o, Laçının işğaldan azad olunması uğrunda canını fəda verdi. Sapı özümüzdən olan baltaların əli ilə namərd gülləsinə tuş gəldi.

- Bulaq başında o dağlara heç şeir oxudunuzmu?

- Bulaq başında bayatılar çözələndi, nə çözələndi. Minkənddən o tərəfə bir bulağın başında dahi Səməd Vurğunun yadıma şeiri düşdü:

Üstündən karvan yeriməz
Sıxdı dumanların, dağlar.
Yazda-yayda heç əriməz
Quzeylərdə qarın, dağlar.

Laçınların göydən enməz,
Qayaların baxar, dinməz,
Yaman gündə üzün dönməz,
Pozulmaz ilqarın, dağlar.

O qız yaldan tək aşanda,
Saç kəmərə dolaşanda,
Atdan enib yol çaşanda
Mən olum zəvvarın, dağlar.

Elə coşub çağlayırdım ki. Elə bilirdim, göylərdə uçuram. Vətənin hər bir bucağı mənə əzizdir. Həm də Laçında kövrəlirəm.

- Laçından qayıtdıqdan sonra ora üçün darıxırsınızmı?

- Əlbəttə, darıxıram. Laçından qayıtdıqdan sonra ora getmək həsrəti ilə alışıb yanıram. Dostum İlham Qəhrəmana deyirəm ki, kaş o vaxt özümü bura pasport qeydiyyatına saldırardım. Adam buradan qayıtmaq istəmir. İnanın səmimiyyətimə, günü bu gün işimi gücümü atıb Laçına gedərdim. Kaş, orada bir daxmam olardı. Mən Laçında olanda gözümün önünə Bakının tıxacları gəlirdi. Paralellik aparırdım. Dəli olurdum ki, yenidən Bakıya qayıdacağam, yenə o tıxaca düşəcəyəm. Ölüb qalmaq istəyirdim orda. Orada rəhmətlik Fikrət Sadığın misraları yadıma düşürdü:

Döyüşdə ölmədim, deyəm,

Bayrağı örtün üstümə.

Üstündə son misram donmuş

Varağı örtün üstümə.

Dön bax, illərə, aylara,

Nəyim varsa para-para.

Qara günüm çoxdur, qara,

Torpağı örtün üstümə.

Günəşə baxdım bu səhər,

Bir teli mənə bəs elər.

Buluddan süzülən o zər

Saçağı örtün üstümə.

Göylər niyə zalım olsun,

Tale mənə zamin olsun.

Bir dərə məzarım olsun,

Bir dağı örtün üstümə.

Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az

QEYD: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” sahəsi üzrə hazırlanmışdır.