“Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 il Ermənistana Azərbaycana qarşı addım atarkən düz 30 dəfə düşünməyi öyrədib”.
Bunu Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu İdarə Heyətinin sədri Aygün Attar erməniəsilli siyasətçi, Xalqların Demokratik Partiyasından (HDP) olan keçmiş millət vəkili Qaro Paylanın Azərbaycanla bağlı səsləndirdiyi iddialara cavabında deyib.
A.Attar bildirib ki, Q.Paylanın son açıqlaması məntiqsizdir: “Yəni, Ermənistan silahlanacaq, Azərbaycan da oturub özünə dost olmayan ölkənin güclənməsi üçün gözləyəcək? Elə bilirsiniz ki, Ermənistan normallaşma adı altında Azərbaycan və Türkiyəyə qarşı qurulan oyunların fərqində deyilik? Azərbaycan milləti və dövləti sizin niyyətinizi bilir. Allah düşmənin də mərd olanını qismət eləsin. Azərbaycan qarşısındakı düşmənin mərd olmadığını bilsə də, həm hərb meydanında, həm də diplomatik müstəvidə mərdcə davranıb. Bu ritorika özü ilə Qarabağ zəfərini gətirib. Dediyim odur ki, özünə gəl, Qaro Paylan!”.
“Erməni siyasətçinin bu bəyanatı Ermənistan daxilində revanşist meyllərin hələ də mövcud olduğunu və bunun siyasi elitada da açıq şəkildə özünü göstərdiyini nümayiş etdirir. Yəni revanşist meyllər təkcə xalq səviyyəsində deyil, siyasi elita səviyyəsində də qalmaqdadır. Əgər bu fikirləri keçmiş deputat və tanınmış ictimai-siyasi xadim səsləndirirsə, deməli, revanşist düşüncələr kifayət qədər güclüdür. Əslində, bu açıqlama ilə Ermənistan özü-özünü ifşa etmiş olur. Daha dəqiq desək, adıçəkilən siyasətçi Ermənistan hakimiyyətini ifşa edir. Burada bir neçə məqam diqqət çəkir”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.
Siyasi şərhçi qeyd edib ki, bu bəyanat Ermənistan ictimai rəyində sabitliyi qorumaq və etirazçı kütlənin narahatlığını azaltmaq məqsədi daşıya bilər.
“Yəni “hər şey yaxşıdır, narahat olmayın, hakimiyyətə qarşı çıxmayın, biz torpaqlarımızı azad edəcəyik” kimi mesajlarla xalqın başını aldatmağa hesablanmış ola bilər. İkincisi, bu açıqlama Ermənistan hakimiyyətini çətin vəziyyətə salmaq məqsədi güdə bilər. Üçüncüsü, Azərbaycanla Ermənistan arasında mümkün danışıqlara mane olmaq niyyəti daşıya bilər. Lakin hansı məqsədlə deyilməsindən asılı olmayaraq, bu bəyanat revanşist və qisasçı xarakter daşıyır, destruktiv mahiyyətlidir. Perspektivdə yeni revanşist addımlara yol aça bilər. Bu baxımdan, hesab edirəm ki, Azərbaycan belə açıqlamalara daha yüksək rəsmi səviyyədə cavab verməlidir. Təkcə media və ekspertlər səviyyəsində deyil, dövlət səviyyəsində adekvat reaksiya göstərilməlidir ki, revanşist meyllər indidən cilovlansın. Əks halda, zamanla bu cür meyllər daha da güclənə və sonda sözdən əmələ keçə bilər ki, bu da ən çox Ermənistanın özünə zərər verəcək”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az