“Embraer-190” təyyarəsi qəzasının təhqiqatına dair ilkin hesabat” dərc edilib - YENİLƏNİB

4 Fevral 2025 19:44 (UTC+04:00)

Qazaxıstan Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer-190” təyyarəsi ilə aviasiya qəzasının təhqiqatına dair ilkin hesabat”ı dərc edib.

AzNews.az xəbər verir ki, daha əvvəl bildirilmişdi ki, Təyyarə Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi (CENIPA) təyyarənin qara qutusunun məlumatlarının təhlilini başa çatdırıb. Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin registratorlarından uçuş məlumatları çıxarılıb. Vurğulanmışdı ki, “Embraer 190”ın məlumatları qəzanı araşdıran Qazaxıstan rəsmilərinə göndərilib.

Qeyd edək ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.

HESABATDA DEYİLİR:

25 dekabr 2024-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə (“AZAL”) məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi Qazaxıstan Respublikası ərazisində Aktau hava limanı yaxınlığında qəzaya uğramışdır. Qəza nəticəsində iki uçuş heyəti üzvü (kapitan və ikinci pilot), böyük təyyarə bələdçisi və 35 sərnişin həlak olmuşdur. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirmiş və 29 nəfərin həyatını xilas etmək mümkün olmuşdur. Qazaxıstan Respublikasında gözlənilən qəza enişi barədə məlumat daxil olduqdan dərhal sonra zəruri qəza-xilasetmə tədbirləri həyata keçirilmiş, sağ qalanlar təxliyə edilərək tibbi yardım göstərilmişdir.

Azərbaycan və Qazaxıstanın tərəfdar olduğu 1944-cü il Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinə əsasən, hadisənin baş verdiyi dövlət kimi Qazaxıstan araşdırmaya başlamışdır. Bu araşdırmanın məqsədi uçuşların və aviasiya təhlükəsizliyinin təmin edilməsi olub, təqsirli şəxslərin müəyyən edilməsi ilə bağlı deyildir. Araşdırmanın nəticələri beynəlxalq aviasiya normalarına uyğun olaraq qəzanın obyektiv səbəblərini müəyyənləşdirmək və gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün BMAT və maraqlı tərəflərə tövsiyələr verməkdir. Azərbaycan Respublikası hava gəmisinin istismarçısı, habelə mülkiyyətçisi olan ölkə statusu ilə araşdırmada iştirak etmişdir. Azərbaycan nümayəndələri araşdırmanın bütün mərhələlərində, o cümlədən hadisə yerinə baxışın həyata keçirilməsi və faktların qeydiyyatı məqsədilə foto və video görüntülərin təmin edilməsi, hava gəmisinin qara qutularında (CVFDR avadanlıqlarında) olan məlumatların Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzində (CENIPA) oxunması prosesində iştirak etmişlər, əlavə məlumat və sübutların toplanmasını da həyata keçirmişlər. Məlumat üçün bildiririk ki, CVR (Cockpit Voice Recorder-kabina diktofonu) radio ötürmələrini və kabinadakı səsləri, məsələn, pilotların səslərini və kənar səsləri yazır, FDR (Flight Data Recorder-uçuş məlumatları qeydiyyatçısı) isə vaxt, hündürlük, uçuş sürəti, kurs və təyyarənin mövqeyi kimi uçuş əməliyyatları ilə bağlı vacib parametrləri izləməlidir. Embraer 190-100 IGW təyyarəsində hər iki funksiyanı birləşdirən iki CVFDR cihazı mövcud olmuşdur.

BMAT tələblərinə əsasən, qəzanı araşdıran dövlət 30 gün ərzində ilkin faktiki məlumatları əks etdirən hesabatı BMAT və maraqlı tərəflərə təqdim etməlidir. Qazaxıstanda yaradılmış araşdırma komissiyası bu hesabatın hazırlanmasına Azərbaycan nümayəndələrini də cəlb etmişdir. İlkin hesabat aşağıdakı faktları təsdiq edir:

Burada sadalanan faktların təsdiqi ilə bağlı olan foto, habelə audio və rəqəmsal qeydiyyat vasitələrindən çıxarışlar ilkin hesabatın mətnində verilmişdir.

BMAT-ın Çikaqo Konvensiyasına əsasən ilkin hesabat hazırlandıqdan sonra qəzanın səbəbləri ilə bağlı qəza tarixindən 1 il ərzində yekun hesabat hazırlanmalıdır. Həmin yekun hesabatın hazırlanması ilə bağlı Qazaxıstan Respublikası və araşdırmada iştirak edən digər dövlətlər tərəfindən artıq işlər başlanılmışdır

AzNews.az