AzNews.az analitik-informasiya portalı "DƏVƏT ÜZRƏ" rubrikasını təqdim edir. Həftədə bir dəfə- çərşənbə günü, günün ikinci yarısında yayımlanacaq bu rubrikada redaksiyamızın dəvəti ilə Azərbaycanın rəsmi şəxsləri, tanınmış qələm sahibləri, ictimai-siyasi xadimləri, həmçinin xaricdə fəaliyyət göstərən məşhur simalar müəllif yazıları ilə çıxış edəcəklər. Rubrikanın ilk yazısını təqdim edirik:
***************************************************************
Beynəlxalq QHT-lər, fondlar, dövlət və ya qeyri-dövlət agentlikləri haqqında təsəvvürlərimiz SSRİ-nin süqutundan sonra başlayıb. Buna qədər birpartiyalı sistemdə formalaşan düşüncəmizin nə alt, nə də üst qatlarında bizə vətəndaş cəmiyyəti instututları kimi təqdim olunan bu qurumların gerçək mahiyyətini və fəaliyyət istiqamətlərini çözə biləcək heç bir iz yox idi...
İlk baxışda gəlişigözəl adlar və şüarlar altında fəaliyyət göstərən təşkilatlar bizə “xilasedici”, yaxud “qoruyucu” mələk kimi görünür və ya təqdim olunurdular.
Onlar bizə, vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğunun, çoxpartiyalı sistemdə yaşamağın və daha yaxşı yaşamağın sirlərini öyrədir və bu işə yüz milyonlarla dollar vəsait xərcləyirdilər...
Mərkəzi ofisləri əsasən Qərb ölkələrində yerləşən bu təşkilatlar dövlətə ödədiyi verginin hər qəpiyinin hesabını soran vətəndaşlarının pullarını “biz yaxşı yaşayaq” deyə havaya sovururdular...
Niyə?
Kapitalizmin tərbiyə etdiyi, qazanc gətirməyən, maddi qarşılığı olmayan hər hansı bir işə 1 sent belə xərcləməyən amerikalı, yaxud fransız hansı səbəblərdən bizim daha yaxşı yaşamağımız üçün dövlətin, transmilli korparasiyaların ayırdığı vəsitləri havaya sovurmalıydı ki?
Bizi bizdən çoxmu sevirdilər?
Bu sual həmin dövrdə bəlkə də çoxlarını düşündürmürdü... Çünki bizə prosesin yalnız romantik tərəfini göstərirdilər.
Məsələn, prosesdə aşağı qatda yer alan bir çoxlarını düşündürmürdü ki, nə üçün Milli Demokratiua Fondu (NED), USAİD və digərləri bəzi QHT-lərin, siyasi partiyaların təşkilatlanmasına, şəbəkələşməsinə pul xərcləyir? Bu təşkilatların üzvlərini Avropaya, Amerikaya apararaq onlara təlimlər, seminarlar keçir, siyasi fəaliyyətin, seçki təbliğatının, danışmağın, hətta susmağın belə incəliklərini öyrədir?
Nə üçün?
Şübhəsiz ki, zaman keçdikcə biz bu suallara cavab tapmağı bacardıq. Cavab tapdıqca “qoruyucu mələk”lərin əslində mənsub olduqları geosiyasi qütbün maraqlarını qoruduqları, yuxarıdan aşağıya doğru formalaşdırılan piramidaşəkilli şəbəkənin əslində “yumşaq güc” strategiyasının həyata keçirilməsinə xidmət edən cəsus, yaxud nüfuz müvəkkilləri şəbəkəsindən başqa bir şey olmadığı bir daha aydın oldu.
Bu gün mahiyyətini açdığımız, anladığımız və anlatdığımız şəbəkənin bizə qarşı təzyiqlərinin, böhtan və qarayaxma kampaniyalarının əsasında da real mənəzərəni olduğu kimi görməyimiz, dərk etməyimiz dayanır.
Mənzərə isə mürəkkəb adlar və texnologiyalar vasitəsilə təqdim edilsə də, əslində çox bəsitdir. Əsrlər öncə missioner təşkilatlarının dini təbliğat adı altında reallaşdırdıqları missiyanı bu gün beynəlxalq təşkilatlar və onların yerlərdəki nümayəndələri həyata keçirirlər. Təkcə adlar və təbliğatın ideoloji tezisləri dəyişib. Yəni, əvvəllər bu prosesin başında kilsə, yaxud hər hansı bir mərkəzi dini qurum dayanırdısa, indi dövlətlər və transmilli korparasiyalar dayanır.
Mənzərə təxminən belədir: Ayrı-ayrı güc mərkəzlərinin – dövlətlərin beyin mərkəzləri tərəfindən çoxsaylı fondlar, agentliklər və digər təsisatlar yaradılır. Bu qrumlar birbaşa dövlət büdcəsindən, yaxud transmilli maliyyə mərkəzləri tərəfindən maliyyələşdirilir. Daha sonra bu maliyyə piramidanın nisbətən aşağı pilləsində dayanan beynəlxalq təşkilatlar vasitəsi ilə nüfuz müvəkkilləri şəbəkəsinin formalaşdırılması və saxlanılmasına sərf olunur.
Hər hansı bir ölkəyə qarşı geosiyasi və geoiqtisadi maraqların təmin edilməsi üçün təzyiq göstərilməsinə ehtiyac duyulduqda piramidanın alt qatındakı nüfuz müvəkkilləri şəbəkəsi çeşidli provakasiyalarla bunun üçün əsas yaradır, nisbətən üst qatdakı beynəlxalq hüquq-müdafiə təşkilatları bu provakasiyalardan yararlanaraq həmin ölkənin nüfuzuna zərbə vurmaq üçün hərəkətə keçir, piramidanın ən üst qatındakı güc mərkəzlərinin “demokratiya”, “insan hüquq və azadlıqları”, “söz və fikir azadlığı”nın məhdudlaşdırılması bəhanəsi altında təzyiq xarakterli addımlarına, son nəticədə isə sanksiyalara zəmin yaradırlar.
...Biz öz musiqimizi özümüz sifariş veririk. Xarici dairələrin geosiyasi oyunlarına qol götürüb oynayanlar isə qısa bir zaman kəsiyindən sonra istifadəyə yararsız olan nüfuz müvəkkilliyindən o yana keçə bilmirlər. Çünki onları hətta keçə biləcəkləri yerdə belə ikili standartlar gözləyir.
Xəyanətkarları isə heç kim sevmir. Hətta onlardan istifadə edənlər də...
Elçin MİRZƏBƏYLİ
Redaksiyanın təqdimatı:
Elçin Mirzəbəyli 12 avqust 1967-ci ildə Lənkəranda anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Rusiya Dövlət Səhnə Sənətləri İnstitutunu bitirib.
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin və Beynəlxalq Mətbuat İnstitutunun (İnternational Press İnstitute) üzvüdür.
Azərbaycan Respublikasının Əməkdar jurnalisti, ƏHD Partiyasının sədr müavini, Milli Məclisin deputatıdır.