Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda sakinlərə istehlaka nəzarət etməyə və əlavə istilik mənbələrini inteqrasiya etməyə imkan verəcək üfüqi istilik paylama sistemlərinin tətbiqini təklif edir.
Bu barədə ADB-nin Azərbaycanda istilik təchizatı sektorunun dekarbonizasiyası prosesinə dəstək üzrə texniki yardım hesabatında qeyd olunub.
"Bu sistem sakinlərə mərkəzləşdirilmiş istilik sisteminin üstünlüklərini qoruyaraq istilik istehlakını ölçmək və tənzimləmək imkanı verəcək. Üfüqi paylamanın həyata keçirilməsi mümkün olmayacağı təqdirdə bina səviyyəsində uçot sisteminin təcili tətbiqi zəruridir", - ADB bildirib.
Hesabatda qeyd olunub ki, mövcud elektrik enerjisi tarifləri ümumilikdə iqtisadi xərclərə uyğundur, mərkəzləşdirilmiş istilik və qaz tarifləri isə əhəmiyyətli dərəcədə aşağı salınıb. Nəticədə "Azəristiliktəchizat" ASC-nin gəlirləri xərclərin yalnız 20-25 %-ni ödəyir.
"Müqayisəli təhlil göstərir ki, mərkəzləşdirilmiş istilik təchizatı iqtisadi cəhətdən ən effektiv sistem olaraq qalır və bu, "Azəristiliktəchizat"ın bərpa olunan enerji mənbələrinin inteqrasiyası imkanlarını araşdırarkən bu modelə yönəlməsinə haqq qazandırır", - hesabatda qeyd olunub.
Lakin şirkətin 537 qazanxana və 835 km uzunluğunda istilik şəbəkəsindən ibarət infrastrukturu köhnəlib və aşağı səmərəliliklə işləyir.
Şirkətin istilik enerjisi satışlarının təxminən 30 %-ni təşkil edən Bakı İstilik Elektrik Mərkəzinin gözlənilən bağlanması sistemin dayanıqlılığına ciddi təsir göstərə bilər. İstilik şəbəkələrinin köhnəlməsi problemi daha da ağırlaşdırır - 460 km uzunluğunda boru kəməri 20 ildən çoxdur ki, istismar olunur.
"Müasir istilik izolyasiyası və uçot cihazlarının olmaması itkilərin qiymətləndirilməsini və səmərəliliyin artırılması üçün tədbirlərin görülməsini çətinləşdirir", - bankdan vurğulanıb.
ADB Azərbaycanda istilik təchizatı sektorunun dekarbonizasiyası və bərpa olunan enerji mənbələrinin inteqrasiyasına dəstək üçün 1,1 milyon ABŞ dolları ayırıb.