Azərbaycanda KOB-lar üçün yeni təşviq alətlərinin yaradılması müzakirə edilib

5 Fevral 2025 20:27 (UTC+04:00)

Iqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Müşahidə Şurasının növbəti iclasında KOB-lar üçün yeni təşviq alətlərinin yaradılması müzakirə edilib.

AzNews.az bu barədə KOBİA-ya istinadən xəbər verir.

Məlumata görə, müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda KOBİA-nın 2024-cü il ərzində fəaliyyətinə və 2025-ci ildə qarşıya qoyulmuş prioritet inkişaf istiqamətlərinə, eləcə də gündəlikdə duran digər məsələlərə dair dair təqdimatlar keçirilib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov müvafiq dövr ərzində KOB-ların inkişafına göstərilən dəstək tədbirləri, o cümlədən sahibkarların bilik və bacarıqlarının artırılması, maliyyə resurslarına və satış bazarlarına çıxışının genişləndirilməsi, KOB maraqlarının müdafiəsi istiqamətində görülmüş işlər barədə məlumat verib. Həmçinin, müasir çağırışlara uyğun olaraq bizneslərin ehtiyacları və mütərəqqi beynəlxalq təcrübələr nəzərə alınmaqla sahibkarlar üçün yeni təşviq alətlərinin yaradılması, xidmət infrastrukturunun inkişafı və rəqəmsallaşdırılması istiqamətində həyata keçirilməsi planlaşdırılan tədbirlər diqqətə çatdırılıb.

İclasda qeyd olunan istiqamətlər və digər məsələlərlə bağlı Müşahidə Şurası üzvlərinin fikirləri dinlənilib, müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.