Nikol Paşinyan ABŞ-da nə gəzir və Tramp administrasiyasından nə umur?- Millət vəkili Pərvanə Vəliyeva ilə analitik müsahibə

5 Fevral 2025 20:29 (UTC+04:00)

Aznews.az analitik-informasiya portalının Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ səfəri ilə bağlı suallarını Milli Məclisin deputatı Pərvanə Vəliyeva cavablandırır.

- Xanım Vəliyeva, Tramp administrasiyasının erməni-amerikan strateji tərəfdaşlığına yanaşmasını necə təsəvvür edirsiniz?

- Cozef Baydenin yanvarın 20-də səlahiyyət müddəti başa çatan administrasiyası bir neçə gün öncə Ermənistan ilə strateji tərəfdaşlıq sazişi imzalamışdı. Bayden Administrasiyası 4 il ərzində Azərbaycanın milli maraqlarına toxunan bir sıra addımlar atıb. Ermənistan isə açıq şəkildə dəstəklənib. Bu sazişə də bu konteksdə baxılmalıdır. Tramp dövründə iqtisadi tərəfdaşlıq coğrafi cəhətdən uzaqlığa görə real görünmür. Nəzərə almaq lazımdır ki, Ermənistanın əsas ticarət tərəfdaşı Rusiyadır və Ermənistan kənd təsərrüfatı məhsulları Rusiya bazarlarına ixrac olunur. Ermənistan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasında hərbi yardım barədə öhdəlik yoxdur. Lakin bununla belə, hərbi və müdafiə sahəsində əməkdaşlıq müddəası da sazişdə yer alır.

- Sizcə, Ermənistan hökuməti Tramp administrasiyasının xarici siyasətində hansı əsas istiqamətləri nəzərə almağa çalışır?

- Trampın əvvəlki hakimiyyəti dövründə olduğu kimi, öz ölkəsinin milli maraqlarını, iqtisadiyyatını, öz vətəndaşlarının rifahını ön plana çəkən siyasi kurs yeritdiyini görürük. Bu xüsusda Trampın dövründə ABŞ administrasiyasının regionumuzun məsələlərinə aşırı müdaxiləsini proqnozlaşdırmıram. Ermənistan da bunu nəzərə almalı, bölgədə yeni gərginlik yaratmamalıdır.

- Tramp administrasiyasının Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə mövqeyi necə olacaq?

- Bu kontekstdə Azərbaycanla bağlı Ermənistan tərəfindən şişirdilmiş gözləntilərin aradan qalxacağına ümid edirəm. Sülh prosesinə isə ABŞ-ın müdaxiləsini proqnozlaşdırmıram. Tramp hələ ki, öz ölkəsinin 4 il ərzində iqtisadi geriləməsinin nəticələrini aradan qaldırmaq, ölkənin maksimum həddə çatan xarici borcunu azaltmaq və ölkə gəlirlərini artırmağın potensial həll yollarını tapmağa və tətbiq etməyə çalışır.

- Ermənistan hökuməti ABŞ-ı Azərbaycana təzyiq göstərməyə inandırmaq üçün hansı arqumentlərdən istifadə edə bilər?

- Zənnimcə, Paşinyanın Tramp administrasiyasından gözləntiləri və ümidləri tezliklə boşa çıxacaq. Üçüncü tərəfləri regiona gətirməklə Ermənistanın Sülh Sazişində maraqlı olmadığını və qeyri-səmimi olduğunu bir daha görürük. Ermənistan uzun illər milli təhlükəsizliyinin qarantı kimi Rusiyanı görürdü, indi də ABŞ-ı görür. Yəni özünə deyil, kənara istinad edir. Azərbaycanın isə milli təhlükəsizliyinin qarantı özüdür.

- Tramp administrasiyasının Paşinyanın “sülh yollarının kəsişməsi” konsepsiyasına maraq göstərməsi mümkündürmü?

- Ermənistan "Sülh Kəsişməsi" adlı qondarma bir layihəni irəli sürərək diqqəti yayındırmağa çalışır. Lakin bu layihənin həyata keçməsi üçün Azərbaycanın razılığı vacibdir, çünki Azərbaycanın iştirakı olmadan bu layihənin heç bir əhəmiyyəti yoxdur. Ermənistanın bu təşəbbüsü sadəcə beynəlxalq ictimaiyyəti çaşdırmaq və manipulyasiya cəhdi kimi qiymətləndirilə bilər. Yuxarıdakı suala qayıtsaq, Ermənistan hökuməti ABŞ-ı Azərbaycana təzyiq göstərməyə inandırmaq üçün hansısa arqumentlərə söykənməsi belə, ikitərəfli deyil, bu məsələdə, üçtərəfli danışıqların olmasını tələb edir. Ermənistanın Bayden Administarsiyası ilə yaxın olması o demək deyil ki, Trampla da belə olacaq.

- Tramp administrasiyasının İran və Rusiyaya qarşı siyasəti Ermənistan üçün hansı təsirlər yarada bilər?

- Paşinyanın ABŞ-dan özünə qarant axtarmasını Rusiya və İrana qarşı addım kimi də qiymətləndirmək olar.

- 907 saylı qətnamə və digər potensial qərarlar qarşıda rəsmi Bakı ilə münasibətlərdə hansı problemlər yarada bilər?

- 907 saylı düzəliş Konqresin 2001-ci ildə verdiyi səlahiyyətlərə uyğun olaraq, 2002-ci ildən bəri hər il ABŞ Prezidenti tərəfindən dayandırılır və düşünmürəm ki, Tramp dövründə də bu, işləsin, çünki onun öncəki hakimiyyəti dövründə bu, baş tutmayıb. Tramp administrasiyasının xarici siyasəti əvvəlki dövrdə əsasən, ABŞ-ın iqtisadi və təhlükəsizlik maraqlarına yönəlmişdi və Cənubi Qafqaz regionu prioritetlər sırasında ön planda deyildi. Ümumilikdə, Tramp administrasiyası Ermənistan-Türkiyə münasibətlərinin normallaşması məsələsində fəal rol almamış və bu prosesə birbaşa təsir edən siyasət həyata keçirməmişdir.

Rəfiqə Namazəliyeva,
AzNews.az