Azərbaycanın Elm və Təhsil naziri Emin Əmrullayev dünən mətbuat konfransı keçirdi.
Bəribaşdan deyim ki, nazirlərin mediaya açıq olması, birfinqlər təşkil etməsi, ictimaiyyəti maraqlandıran suallara cavab verməsi olduqca vacib və yaxşı təcrübədir.
Elm və Təhsil naziri öz timsalında bu baxımdan müsbət bir ənənə yaradıb, təqdir olunmalıdır.
Nazirin mətbuat konfranslarını diqqətlə izləyir, bir çox mövzuları tabudan çıxarmaq cəhdlərini də təqdir edirəm.
Elm və təhsil sistemimizə yeni bir dinamikanın gəlməsi göz önündədir, üstəlik, bu dinamikanın sürətləndirmək zamanın qarşımıza qoyduğu milli vəzifədir.
Səbəblərini deyim.
Cəmi 4 il ərzində Süni İntellekt çağımızı, həyatımızı, dünyamızı kökündən dəyişəcək.
Cəmi 4 il sonra Super Süni İntellekt bu günkü “ata”ları kimi insanlara “texniki köməkçi” deyil, funksiyasını dəyişib insan üstü düşünən bir vasitə olacaq.
Əcdadlarımızın odu, metalı, təkəri, gəmini, buxar maşınlarını, mətbəəni kəşf etməsi dünyaya köklü dəyişikliklər bəxş elədi. İndi bircə-bircə bu dəyişikliklərin nədən ibarət olduğunu sadalamağa gərək yoxdur. Eyni inqilabı Super Zəka edəcək.
Odur ki, Azərbaycanda “Süni İntellektin tənzimlənməsi haqqında” yox, “Süni İntellektin inkişafı və tənzimlənməsi” haqqında qanun qəbul edilməli, bununla eyni zamanda “Təhsil haqqında” qanunumuz kökündən dəyişməli, “Elm və elmin tətbiqi haqqında” yeni qanun qəbul edilməlidir.
Bu ilin sonunadək demirəm, yeni təhsil ili başlayana qədər bu üç əlahiddə çağırışa reaksiya verməli, qanun layihələrini masaya qoymalı, qəbul etməliyik. Vaxt gözləmir!
Əlbəttə, bütün bu işləri Elm və Təhsil Nazirliyi təkbaşına görə bilməz, bu, qurumun həm imkanı, həm də səlahiyyəti çərçivəsində deyil. Ancaq əsas ağırlıq, əsas məsuliyyət məhz Elm və Təhsil Nazirliyinin, onun təşəbbüskarlığının, çoxsaylı qurumlarında cəmlənən datalara əsaslanan gələcəyə konseptual baxışının üzərinə düşür. Odur ki, Elm və Təhsil Nazirliyi formal dəyişikliklərə, sertifikatlaşdırma və s. kimi texniki, açıq desək, bəzən sui-istifadə hallarına da yol açdığı dilə gətirilən məsələlərə deyil, problemin məğzinə odaqlanmalıdır.
Süni İntellektdən, Super Zəkadan danışırıq. Dediyim kimi, danışmağa, çözüm tapmağa məcburuq. Gəlin, məsələyə bir də bu açıdan baxaq: Super AzərZəkanı data ilə təmin etməyə bizim Elmlər Akademiyamız, universitetlərimiz, institutlarımız, kolleclərimiz, orta və orta ixtisas məktəblərimiz nə qədər səmərəlidir?
Bu sual üzərində düşünərkən pessimizmə bürünməmək əldə deyil. Əgər bir ölkənin Texniki Universiteti dünyanın 100 demirəm, heç 1000 universiteti arasına da düşə bilmirsə, reytinq sistemləri belə bir universiteti axtarıb tapmağa çətinlik çəkirsə, papağımızı qarşımıza qoyub çarə tapmalıyıq.
Bəli, bu gün Elmlər Akademiyası öz üzərinə düşən funksional görəvləri yerinə yetirə bilmir.
Bəli, bu gün Azərbaycan universitetləri öz təməl missiyasından çıxıb kollec rolunu oynayır, diplom verməklə məşğuldur.
Bəli, bu gün kolleclərimiz orta məktəb müəllimi hazırlaya bilməyəcək duruma düşüb, nazir bu məsələdə haqlıdır.
Bəli, bu gün orta məktəblərimiz, sadəcə, parta yığını, repetitotların dövlətdən rəsmi maaş aldığı “günü yola vermə” mərkəzləridir.
Sadəcə, mənim soyadımı daşıyan onlarla insan müstəqillik dövründə respublikanın müxtəlif universitetlərində, prestijli ixtisaslarında oxuyub. Mən də daxil heç birimiz öz nailiyyətlərimizi orta məktəbə borclu deyilik. 3 övladım var, hər birinə ayda bir ailənin minimum dolanışığına yetəcək qədər repetitorlara para xərcləmişəm. Mən “dəb xatirinə" uşaq hazırlığa göndərəcək ağılda adam deyiləm, başım xarab olmayıb, pulu da asan qazanmıram. “Ərimin kreditini ödəməliyəm” deyə pul istəyən “zavuç”u da, sırf yanında hazırlaşmır deyə uşağımı məktəbin içində gəlib götürməyimiz üçün gözləməyə qoymayan sinif rəhbərini də yaxşı xatırlayıram. Böyük övladım BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsini bitirib, amma repetitor kurslarını hələ də bitirə bilmir- bu da düz ailəmin içində baş verən olaydır.
ETN-lə DİM arasında münaqişə olması mənim həyatımı əsla maraqlı etmir, amma ETN-lə DİM arasındakı proqram ziddiyyəti, konkret olaraq Məleykə Abbaszadənin istər ali məktəbə, istərsə də dövlət qulluğuna qəbul imtahanlarında alternativ proqramlar ortaya qoyması mənim də, övladlarımın da həyatına qəsd edir.
Azərbaycan təhsil siyasətinin əsas məqsədlərindən biri dövlətə kadr hazırlamaqdır. Məleykə Abbaszadənin dövlət qulluğuna qəbul proqramı digər ixtisaslar üzrə bakalavr və magistrlər üçün hələ demirəm, BDU-nun hüquq fakültəsini qırmızı diplomla bitirmiş məzunlar üçün belə test texnologiyalarını mənimsəmədiyi halda keçilən deyil. Dövlət İmtahan Mərkəzinin hər gün dəyişən standartları və çıxardığı test hoqqaları ölkədə qara təhsil bazarı yaradıb. Bu bazar Azərbaycanda təhsilə və elmə can atan balalarımızı stress altında saxlayır, gerçək savaddan məhrum edir, ora-bura qaça-qaça öz yaş dövrlərini yaşamasına mane olur, sosial ədalətsizlik və sosial nihilizm risklər yaradır. Məktəbdən kənarlaşmış təhsilin ortaya çıxardığı tiplər cəmiyyətdəki kölgə qruplarının təsirinə düşür ki, bu da, milli təhlükəsizliyimizə, müvafiq qanunda da göstərildiyi kimi, ən böyük təhdidlərdən biridir.
Nə etməli?
İlk növbədə təhsili məktəbə qaytarmalı, bunun üçünsə Azərbaycanda elmin və təhsilin önünə özünü Çin səddi kimi qoymuş DİM-də islahatlar aparmalıyıq. Super Zəkadan danışdığımız bir zamanda Azərbaycanda doktoranturaya qəbulda B2 səviyyəli ingilis dili əvəzinə de-fakto C1 tələb edən və bununla araşdırma qabiliyyətini arxa plana keçirən, magistr təhsili üçün vacib olan analtik təfəkkürü “tap-tapmaca, gül yapmaca” fəndləri ilə ölçən, bakalavr sınaqlarını sözün bütün mənalarında məşəqqətə çevirən Dövlət İmtahan Mərkəzi bu şəkildə qaldıqca yuxarıda qoyulan suala verilən bütün cavablar əhəmiyyətsiz olacaqdır.
Azərbaycanda adambaşına düşən vəkil sayı orta Avropa standartlarından qat-qat azdırsa, hüquq fakültələrinə qəbulu təriqət çiləsinə döndərmək zehniyyətindən uzaq durmalıyıq.
Azərbaycanın yeni çağa keçidini təmin etmək üçün texnologiya ixtisaslarına (xüsusən də informasiya texnologiyaları üzrə) qəbulun həcmini artırmalıyıq.
Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən həkim sayı da orta göstəricilərdən azdır.
Azərbaycanda əhali sayına nisbətdə tədqiqatçıların, alimlərin sayı da minimumdur.
Problemlərin siyahısını uzatdıqca uzatmaq olar. Amma çözüm yolu birdir:
Təhsili məktəbə, elmi universitetə, tədqiqatları akademiyaya qaytarmalıyıq!
Mən şəxsən düşünən və vicdanlı bir Azərbaycan vətəndaşı olaraq bu çözümün reallaşması, varislərimizin yaxın on illiklərdə dünyada formalaşacaq digital koloniyaların köləsi olmaması üçün Elm və Təhsil nazirliyinə, dövlət başçısının etimad göstərərək işin başına qoyduğu Emin Əmrullayevə bütün səmimiyyətim və bacarığımla dəstək verməyə hazıram.
Nazirlik və nazirin müqavimət potensialı güclü olan repetitor bazarını bağlamaq kimi bir işə cəmiyyətin aktiv kəsimlərinin dəstəyini hiss etmədən əncam çəkməsi real deyil.
Odur ki, bir daha Emin Əmrullayevə səslənirəm: qol qoyun, iradə nümayiş etdirin və bir nazir olaraq bitirin bu repetitorluq zillətini!!!
Taleh ŞAHSUVARLI
AzNews.az analitik-informasiya portalının Baş redaktoru