Azərbaycanlı iş adamı Amil Yusifov AZAL-ın təyyarə qəzasında həlak olan qazaxıstanlıların ailələrinə mənzil bağışlayıb. O, həmçinin qazaxıstanlı xilasedicilərə və həkimlərə üç yeni avtomobil hədiyyə edib.
AzNews.az xəbər verir ki, dünən Aktauda AZAL aviaşirkətinin faciəvi qəzası qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib. Anım süfrəsi Azərbaycanın Qazaxıstandakı səfirliyi və Manqistau vilayətinin akimliyi tərəfindən təşkil olunub.
Tədbirdə azərbaycanlı iş adamı Amil Yusifov dünyasını dəyişən qazaxıstanlıların yaxınlarına Almatıda yeni tikilidə iki otaqlı 5 mənzilin açarlarını təqdim edib.
Bundan əlavə, o, Aktauda xilasedicilərə üç yeni avtomobil, xəstəxana və təcili yardım stansiyası bağışlayıb.
Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov faciənin insanların qəlbində dərin iz qoyduğunu qeyd edərək, onun həm də xalqları birləşdirdiyini vurğulayıb:
“Bu hadisə bizim qardaş xalq olduğumuzu bir daha bütün dünyaya nümayiş etdirdi. Bunlar sadəcə sözlər deyil, bizim burada, Aktauda öz gözlərimizlə hiss etdiyimiz qardaşlığın əsl təzahürüdür”.
Atamoğlanov zərərçəkənlərə yardım göstərən xilasedicilərə və həkimlərə təşəkkür edib, Azərbaycandan olan mütəxəssislərin və tibb işçilərinin işləməsi üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib.
“Mən də Amil Yusifova təşəbbüsünə, ölkələrimiz arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfəyə görə təşəkkür edirəm. Bu, bizim çətin anlarda bir-birimizi necə dəstəklədiyimizin bariz nümunəsidir”, -
deyə səfir əlavə edib.
AzNews.az