Bakıda İranın Milli Günü münasibətilə rəsmi qəbul təşkil edilib

10 Fevral 2025 21:05 (UTC+04:00)

Bakıda İranın Milli Günü münasibətilə rəsmi qəbul təşkil edilib.

Report xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan və İranın dövlət himnləri səsləndirilib.

Daha sonra İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan çıxış edərək bildirib ki, iki ölkə arasındakı qardaşlıq və dostluq bağları bir çox tarixi, mədəni-dini və ənənəvi ortaq cəhətlərə və adət-ənənələrə görə əbədi bir bağdır və həmişəlikdir:

“Ötən ilin may ayında "Xudafərin" və "Qız Qalası" su bəndləri layihəsinin açılış mərasimində iki ölkənin möhtərəm prezidentləri arasında keçirilən görüş münasibətlərin yüksələn xətlə inkişaf edəcəyinə dair xoş vədlər verirdi. Təəssüf ki, bu görüşdən sonra prezidentimizin helikopterinin qəzaya uğraması və onun şəhid olması kimi faciəli bir hadisə baş verdi, lakin bu, iki prezidentin münasibətlərin möhkəmləndirilməsi ilə bağlı verdiyi vədlərə heç vaxt mənfi təsir göstərmədi”.

Seyid Cəfər Ağayi Məryan vurğulayıb ki, Məsud Pezeşkianın prezident seçilməsi ilə iki ölkənin prezidentləri arasında telefon danışıqlarının aparılması və ölkələr arasında çoxsaylı yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri İran ilə Azərbaycan arasındakı münasibətlər öz doğru yoluna qayıdıb və hətta əvvəlkindən daha da güclü olub:

“İran COP29 sammiti ilə bağlı logistika avadanlıqlarının sürətli və asan transferinə şərait yaratmaqla və bu tədbirdə yüksək səviyyədə iştirak etməklə Azərbaycanın COP29 sammitinə ev sahibliyi etməsini, eləcə də müsbət səslə Azərbaycanın D8 qrupuna üzv seçilməsini dəstəkləyib. Bu, iki ölkə arasında mövcud olan dostluğun bariz nümunəsidir”.

Fəxri qonaq qismində iştirak edən Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev isə söyləyib ki, iki ölkə arasında ənənəvi dostluq münasibətlərinin daha da möhkəmlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığın genişlənməsi bundan sonra da hər iki xalqın və ölkənin mənafelərinə xidmət edəcək:

“Bir çox digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanlar var. Biz mövcud potensialın reallaşdırılması istiqamətində səylərimizi davam etdirmək əzmindəyik”.

Tədbir bədii hissə ilə davam edib.