"Biznes mühitinin yaxşılaşdırılmasında insan kapitalı çox önəmlidir" - PA-nın sektor müdiri

11 Fevral 2025 12:30 (UTC+04:00)

Biznes mühitinin yaxşılaşdırılmasında insan kapitalı və insan amilinin rolu çox önəmlidir.

Bunu bu gün Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev Bakıda keçirilən İnsan İnkişafı Forumunda deyib.

Onun sözlərinə görə, gənclərin və uşaqların biznes təfəkkürünün formalaşdırılması, onların biznes düşüncə tərzinin yeni, müasir çağırış əsasında yaradılması bizim üçün ən aktual mövzulardandır: “Bu sahədə biznes mühiti və beynəlxalq reytinqlər üzrə konvensiya fəaliyyət göstərir. Bu konvensiyada bilavasitə insan inkişafına aid üç xüsusi işçi qrupu fəaliyyətdədir”.

O, bunların arasında insan kapitalı işçi qrupunun fəaliyyətini vurğulayaraq əlavə edib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in 5 əsas prioritetindən biri məhz rəqabətli insan kapitalına əsaslanır: “Bu yöndə ölkəmizdə insan kapitalının inkişafına yaradılmış əlverişli mühit və bu sahədə infrastruktur proseslərindən tutmuş cəmiyyətin bütün maraqlı tərəflərinin prosesdə inklüziv iştirakı üçün imkanlar və ekosistemin yaradılmasına nail olunub".

AzNews.az