ABŞ hakimiyyətinin son qərarları barədə - Şəfəq Mehralıyevanın mülahizələri

11 Fevral 2025 23:34 (UTC+04:00)

USAID -ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Tramp hakimiyyəti tərəfindən fəaliyyətinin dayandırılması barədə xəbər başlıqlarına nəzər yetirirəm:

-Agentliyin dağıdılması milyardlarla ayrılan vəsaitin nəzarətsiz qalması deməkdir.
-Milyardlarla ölçülən qida yardımı xarab olacaq.
-Agentliyin minlərlə əməkdaşı işsiz qalacaq.

Bəli, ola bilər, bunların hamısı aktual xəbərdir. Amma Ağ Evin bu qərarını ciddi təhlillə anlatmağa çalışan yazılara az rast gəlirəm. İnformasiya məkanı qərəzlə doludur.

Xatırlatmağa dəyər ki, 1960-cı illərin əvvəlində ABŞ adından humanitar yardım proqramları həyata keçirən qurum “From American People”- “Amerika xalqı adından” devizi altında işləyərək Birləşmiş Ştatların yumşaq güc aləti idi. Bu missiya altında bir sıra istiqamətdə, o cümlədən digər ölkələrdə təbii fəlakət hallarında, yoxsulluğa yardım, həmin ölkələrlə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı texniki əməkdaşlıq, sosial-iqtisadi inkişaf adı ilə çoxsaylı yardım proqramları həyata keçirilirdi.

Müasir dünyanın siyasi mənzərəsinə aparan son onilliklərin dəyişiklikləri onu deməyə əsas verir ki, Sovet nüfuzuna qarşı mübarizə aparan Amerikanın Beynəlxalq İnkişaf Agentliyinin fəaliyyəti artıq çoxdan Kennedi hakimiyyətinin onun üzərinə qoyduğu missiyaya uyğun gəlmir.

ABŞ-ın yumşaq gücü əvəzinə Agentliyin bəzi proqramları müxtəlif ölkələrdəki daxili debata açıq olan məsələlərdə mövqe formalaşdırmağa yönlənmiş yumşaq küt alətə çevrilmişdir.

Lakin bunun xarici ölkələrdəki səmərəsi məsələsini də kənara qoysaq, Amerika hakimiyyəti Agentliyin qarşısında qoyulan missiyanın çoxdan tarixə qovuşduğunu və buna yatırımlar etməyin mənasız olduğunu anlayır.

ABŞ dünyadakı yumşaq gücünü bərqərar etmək üçün digər, bəlkə də, daha müasir alətlərə müraciət etməlidir.
Elə bu gün xəbərlərdə Meksika Körfəzinin bir anda heç kimlə məsləhətləşmədən ABŞ-ın Google şirkəti tərəfindən Amerika Körfəzi adlandırılması barədə başlığı görmək buna kifayət sübutdur.

Eyni yanaşmanı ABŞ hakimiyyəti tərəfindən uzun illərlə maliyyələşdirən Azadlıq Radiosu və Amerikanın Səsinə də aid etmək olar. Yaradılma missiyası çoxdan aradan qaldırılıb. Ənənəvi medianı ümumiyyətlə izləməyən gənclər ana-ata, dədə-babalarından avtoritar sosialist rejiminin infromasiya blokadasında nəfəslik tapmaq üçün radiolarda Amerikanın Səsi və Azadlıq radiosunun dalğalarını gizlincə tutmaları hekayələrini bəlkə də eşidiblər.

Burada həmin media qurumlarının jurnalistika səviyyəsi barədə söhbət açmaq- onun nə qədər qərəzli və ya qərəzsiz olduğunu müzakirə etməyə də dəyməz. Çünki Tramp hakimiyyətinin qərarı missiyanın dəyişdiyinin anlaması ilə bağlıdır.

Mühafizəkar gündəmləri ilə respublikaçıları hakimiyyətə qaytaran Amerika xalqı bu dəfəki seçkilərdə anladı ki, “Amerika xalqı adından” yardım paylamaq günləri bitdi. İndi kömək Amerika xalqının özünə lazımdır- resurslar ölkə daxili xərclənməlidir. Adı çəkilən təsisatlar və təsir kanallarının yaradılmasının səbəbləri artıq yoxdur. Yeni missiyanı yerinə yetirmək üçün isə yeni kanallar axtarmaq lazımdır.

Tramp hakimiyyətinin qərarlarının daxildə nə qədər davamlı olub-olmayacağını bilmirəm. Amma vaxtını bitirmiş əsisatlarla müasir dünyanın çağırışlarına sinə gərmək planları artıq işləmir və bundan sonra da heç işləməyəcək.

Şəfəq MEHRALIYEVA