Azərbaycanda yanvarda orta illik inflyasiya 5,4 % təşkil edib

12 Fevral 2025 12:04 (UTC+04:00)

Bu ilin yanvar ayında inflyasiya 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,4 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 5 %, qeyri-qida məhsulları üzrə 2,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 8,4 % təşkil edib.

AzNews.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, yanvarda istehlak qiymətləri əvvəlki aya nisbətən 1 % artıb.

2025-ci ilin yanvar ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,6 % artıb.

Yanvarda əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma balıq məhsullarının, uşaq qidası üçün quru süd qarışığının, kərə, günəbaxan və qarğıdalı yağlarının, süfrə marqarininin, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, kivinin, qozun, fındığın, şabalıdın, ağ kələmin, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, balqabağın, sarımsağın, soğanın, kartofun, ucuzlaşma isə əsasən makaronun, təzə balığın, yumurtanın, portağalın, bananın, yerkökünün qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Yanvarda qeyri-qida malları üzrə istehlak qiymətləri dekabr ayına nisbətən 0,3 % artıb. Qeyri-qida məhsullarından bahalaşma kərpicin, sulu boyaların, pambıq parçaların, çilçıraqların, zərgərlik məmulatlarının, ucuzlaşma isə kəsilmiş taxtaların, laminat parketlərin, yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Hesabat dövründə əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri dekabr ayına nisbətən 2 % artıb. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma istilik, elektrik enerjisi, təbii qaz təchizatı və mənzillərin kirayə verilməsi xidmətlərinin, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.