Keçmiş diplomatın məhkəməsi: Emin İbrahimov özünü təqsirli bilmədi

12 Fevral 2025 13:58 (UTC+04:00)

Bakıda adam bıçaqlamaqda təqsirləndirilən keçmiş diplomat Emin İbrahimovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilinin yanında oturması ilə bağlı keçən iclasda verilən vəsatət təmin edilib.

Daha sonra prokuror Cövdəd Mehrəliyev ittiham aktını elan edib.

İttihama görə, Emin İbrahimov ötən il iyulun 22-də Nizami rayonunda səki ilə hərəkətdə olarkən, əvvəllər tanımadığı Kamal Şükürovla toqquşub. Aralarında yaranmış mübahisə zəminində onlar bir-birini təhqir edib, zor tətbiq edib, dalaşıblar. Həmin vaxt E. İbrahimov cibində gəzdirdiyi bıçaqla K.Şükürovu qarnından bıçaqlayaraq sağlamlığına ağır zərər vurub.

Emin İbrahimov özünü təqsirli bilməyərək, söylənilənlərin uydurma olduğunu bildirib.

Daha sonra o, sərbəst ifadə verərək özünü müdafiə etməyəcəyini, sadəcə, ittihama münasibət bildirəcəyini söyləyib.

Zərərçəkən Kamal Şükürov ifadəsində qeyd edib ki, hadisə təhqir və dava səbəbindən baş verib: "Yolda sıxlıq olduğu üçün maşınımı küçənin yuxarısında saxlayıb, yola piyada davam etdim. Səki ilə hərəkətdə olarkən Emin İbrahimovla toqquşdum. Onun sol çiyni mənim sağ çiynimə dəydi. Dönüb üzr istəmək istəyərkən öncədən nəyə əsəbiləşdiyini bilmədiyim Emin mənim yaxamdan tutaraq təhqir elədi, məni hasara tərəf çəkərək vurdu. Mən də onu vurdum, yaxasından tutarkən köynəyi cırıldı. Daha sonra qarnımda istilik hiss etdim. Anladım ki, bıçaqlanmışam. Daha sonra polisə və təcili tibbi yardıma zəng etdim. Əməliyyat olunduqdan sonra ifadəm palatada alındı. O, məni daha sonra axtarmayıb, üzr istəməyib. Mən onun qanun çərçivəsində cəzalandırılmasını istəyirəm".

Təqsirləndirilən şəxsin vəkili Fəxrəddin Mehdiyev bildirib ki, onun istintaqa verdiyi ifadə ilə hazırda dedikləri arasında ziddiyət var. Zərərçəkmiş şəxsin istintaqa verdiyi ifadə elan olunub.

Şahidlərin dindirilməsi məqsədilə proses martın 12-dək təxirə salınıb.

Qeyd edək ki, Emin İbrahimov 2024-cü ilin iyul ayında cinayət məsuliyyətinə cəlb olunub. Onun iyulun 22-də Şükürov Kamal Hacıəli oğlu adlı Qaraçuxur qəsəbəsinin sakininə bıçaqla xəsarət yetirdiyi iddia olunur. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Emin İbrahimov 2007-2020-ci illərdə diplomatik xidmətdə olub. O, 2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dəki səfirliyində, 2016-2019-cu illərdə isə Azərbaycanın Uruqvaydakı diplomatik nümayəndəliyində işləyib.

AzNews.az