Somali Azərbaycanın qazandığı təcrübəni bölüşmək istəyir və praktik təcrübəni öyrənməyə hazırdır.
Bunu Somali Prezidenti Hasan Şeyx Mahmud fevralın 12-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra mətbuata bəyanatında deyib.
O bildirib ki, bütün əməkdaşlıq sahələri hər iki dövlət və xüsusilə də Somali üçün çox faydalıdır:
"Somali çətin dövrdən çox parlaq gələcəyə keçid edən ölkədir. Somali zəngin resursları və böyük potensialı olan ölkədir. Lakin şərait inkişaf etməyə imkan verməyib. Azərbaycan kimi yaxşı tərəfdaşlarla ölkəmizin potensialı üzə çıxacaq və o, proqnozlaşdırılabilən olacaq. Azərbaycandan öyrənə biləcəyimiz digər əsas sahələr proqnozlaşdırılabilən siyasət və proqnozlaşdırılabilən inkişaf siyasətidir".
Somali Prezidenti qeyd edib ki, bu gün imzalanan sazişlər Azərbaycanın təcrübəsindən istifadə etmək üçün strukturlu çərçivə rolunu oynayır:
"Bu ölkələrimiz və xalqlarımız üçün yeni imkanlar açır. Bu müqavilələrdən başqa, bizim bugünkü əməkdaşlığımız ölkələrimiz arasında möhkəm iqtisadi və diplomatik münasibətlərin əsasını qoyur. Somali Azərbaycanın enerji, infrastruktur, təhlükəsizlik və təhsil sahələrində liderliyini yüksək qiymətləndirir. Azərbaycanla bilik mübadiləsi və investisiya tərəfdaşlığı böyük fayda əldə edə biləcəyimiz sahələrdir".
AzNews.az