Bəli, Azərbaycan milli maraqlarının yanındadır

12 Fevral 2025 20:25 (UTC+04:00)

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Davosda səfərdə olarkən Çinin CGTN kanalına verdiyi və dünən efirə gedən intervüdə onun üç suala cavabı diqqətimi özəlliklə çəkdi.

Həmən suallardan biri bu idi:

- Cənab Prezident, Sizcə, çoxqütblü dünyada Azərbaycanın yeri haradadır?

- Prezident İlham Əliyev: Biz ən başdan, müstəqilliyimiz bərpa ediləndən bəri olduğumuz yerdəyik.

Azərbaycan üzləşdiyi bütün ədalətsizliklərə, edilən təzyiqlərə, bəzən şirnikdirici təkliflərə baxmayaraq strateji səbr sərgiləyib, heç bir gücün çətiri altına girməyib, bəziləri kimi tez-tez səf dəyişməyib. Həqiqətən də həmişə dayandığı yerdə, yəni milli maraqlarının yanında olub.

Cənab İlham Əliyevin CGTN kanalının aparıcısının Tramın Prezident seçilməsinin doğurduğu “qeyri müəyyənlik” və onun idarəçilik üslubu haqda verdiyi növbəti suala cavabı da həm çox mükəmməl, həm də belə demək mümkündürsə, hədəfli idi.

ABŞ-də ötən ilin noyabrında keçirilən seçkiyə hələ bir neçə ay qalmış cənab Trampın Prezident seçilməsinin Azərbaycan üçün daha arzuolunanlığını gizlətməyən dövlət başçımızın çinli jurnalistin sualını cavablandırarkən dediyi kimi, bizdə bununla bağlı hər hansı hər hansı qeyri-müəyyənlik yoxdur. Əksinə Bayden administrasiyasının tamamilə korladığı əlaqələrin onun Tramp dönəmində yenidən öz məcrasına dönəcəyinə ümidlər böyükdür.

Dövlət başçımızın da bildirdiyi kimi, Trampın prezident seçilməsi bir sıra Avropa dövlətlərində ciddi narahatlıq yaradıb ki, bu da səbəsiz deyil. Həmən dövlətlər, ilk növbədə də Fransa ABŞ-də keçirilən Prezident seçkisində demokratların təmsilçsinin qələbə çalmasını istədiklərini gizlətmirdilər və Makron hətta bu arzunu proqnoz olaraq sırıyırdı. Onun seçkiyə cəmisi bir neçə gün qalmış Kamala Harrisin qələbə çalacağını dediyini yəqin xatırlayanlar var. Fransa Prezidentinin Kanadadakı həmfikiri və əqidədaşı Castin Trüdonun baş nazirlikdən getməsi də elə məhz Trampa qarşı seçkiöncəsi sərgilədiyi mövqenin ona baha başa gələcəyini dərk etməsi ilə bağlıydı.

Üçüncü suala-Çin təmsilçisinin uğurlu bir lider kimi cənab Prezidentin liderlik haqda düşüncələrini bölüşmək xahişinə verilən bu cavab isə, tam həqiqəti əks etdirməklə yanaşı, həm də hər bir siyasətçi üçün məncə, ibrət dərsidir:

“Liderlik, əlbəttə ki, böyük bir məsuliyyətdir və ən önəmlisi ondan ibarətdir ki, lider həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır. Heç vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək".

Və Prezident sözlərinə belə davam edir:

"....Beləliklə, ictimaiyyətin dəstəyini əldə etmək istəyən liderlərə məsləhətim o olardı ki, həmişə həqiqəti söyləyin və beynəlxalq təzyiqdən, beynəlxalq mediadan asılı olmayaraq, haqqınızda nə dediklərindən, sizi necə adlandırdıqlarından, sizi necə təhqir etmələrindən asılı olmayaraq, ölkəniz üçün doğru olanı edin. Beləliklə, siz özünüz və ölkəniz uğur qazanmış olacaqsınız”.

Sahib ALIYEV,

Milli Məclisin deputatı