ABŞ-nin qrant proqramları Azərbaycanda hansı layihələri əhatə edib? - "Report"un araşdırması

12 Fevral 2025 20:40 (UTC+04:00)

USAID daxil olmaqla, ABŞ vergi ödəyicilərinin pullarının havaya sovrulmasına dair faktlar ictimailəşdirilib.

"Report" xəbər verir ki, o cümlədən Azərbaycanda da həyata keçirilən layihələr haqqında məlumatla "Data Republican" saytında tanış olmaq mümkündür.

Bu məlumatlara əsasən, ABŞ Azərbaycan, Gürcüstan və qonşu ölkələrdə heyvan xəstəlikləri ilə mübarizə, təhsilin dəstəklənməsi, sahibkarlığın inkişafı və uşaqların psixi sağlamlığının yaxşılaşdırılması sahəsində proqramların həyata keçirilməsinə 17 milyon dollar ayırıb.

Bunların arasında ABŞ Müdafiə Nazirliyinin bir neçə qrantı Azərbaycan, Gürcüstan və Türkiyədə bruselyozun monitorinqi üzrə layihələrə (icraçı Şimali Arizona Universiteti, qrant məbləği 2,992,256 dollar, icra müddəti 2025-ci il sentyabrın 22-dək); Azərbaycan, Türkiyə və Gürcüstanda infeksion xəstəliklərin müşahidəsi (Milli Ərzaq Agentliyi, məbləğ 2,998,810 dollar, 2025-ci il avqustun 17-dək); Azərbaycan, Ermənistan, Qazaxıstan və Özbəkistanda bruselyozla mübarizənin dəstəklənməsi (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), məbləğ 3,396,534 dollar, müddət 2027-ci il martın 14-dək) yönəlib.

ABŞ Dövlət Departamenti xətti ilə

Dövlət Departamenti xətti ilə Azərbaycan, Gürcüstan və Ermənistandan ABŞ-yə tələbə mübadiləsi 425,000 dollar məbləğində həyata keçirilir.

USAID Azərbaycanda analığın, uşaq sağlamlığının və sosial xidmətlərin dəstəklənməsi layihəsinə (icraçı UNICEF, məbləğ: 2 milyon dollar, müddət 2026-cı il oktyabrın 1-dək) qrant yönəldib.

ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyi xətti ilə 2029-cu il fevralın 28-dək Azərbaycanda aztəminatlı ailələrdən olan uşaqların psixi sağlamlığının yaxşılaşdırılması layihəsinə 728 min dollardan çox vəsait ayrılıb.

AzNews.az