“Ermənistan adlı dövlətin Rusiya tərəfindən uydurulmasından bəri, Rusiya həmişə Ermənistanın fəaliyyətində və Ermənistanın alət kimi istifadə olunmasında birbaşa iştirak edib. Ermənilərin Cənubi Qafqaza köçürülməsindən etibarən, Ermənistan, Rusiyanın maraqları üçün sadəcə alət rolunda çıxış edib. Bu, birmənalı şəkildə Rusiyanın maraqlarına xidmət edib. Bu baxımdan, Rusiyanın növbəti dəfə Ermənistandan Azərbaycana qarşı istifadə etmək ehtimalı tamamilə inandırıcıdır. Çünki Rusiya belə məkrli oyunlara vərdişlidir və öz imperialist hədəflərini adətən Ermənistan kimi alətlər üzərindən həyata keçirməyə çalışır”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Xatırladaq ki, “Caliber” hərbi-analitik portalının “Youtube” kanalının Ermənistanın müharibəyə hazırlaşması haqda süjeti ictimaiyyətdə müzakirə edilir. Xüsusən Fransanın bu prosesdə aktiv iştirakı gözdən qaçmır. Lakin məsələnin içində Rusiyanın olma ehtimalı da gündəmə gəlir.
Bununla bağlı, siyasi şərhçi qeyd edib ki, müstəqillik dövrünün başlanğıcında da Rusiya kəşfiyyatı Azərbaycana erməni separatizmi kimi bir problem yaradıb, kənara çəkilmişdi və onilliklər boyu da bundan istifadə etdi.
“Ancaq indi situasiya elə dəyişib ki, Rusiyanın Azərbaycana qarşı demək olar ki, təzyiq və təhdid aləti mövcud deyil. Azərbaycan bütövlüyünü təmin edib. Rusiya kəşfiyyatının yaratdığı erməni separatizmini də Qarabağdan tamamilə təmizləyib, kənara atıb. İndi, böyük ehtimalla, 44 günlük savaş öncəsində olduğu kimi, Rusiya yenidən Ermənistanı silahlandırmağa çalışa bilər. Müəyyən silah və sursatları Ermənistana göndərə bilər və bu məsələdə Rusiyanın Fransa ilə maraqlarının üst-üstə düşdüyü də qətiyyən şübhə doğurmur. Çünki son vaxtlar Rusiyanın Azərbaycanla münasibətləri ciddi şəkildə gərginləşib və bu, Kremlin birbaşa günahı ucbatından baş verir. Kremlin imperialist fəaliyyət vərdişləri nəticəsində Azərbaycan üzərinə təzyiq göstərməyə və onu təhdid etməyə çalışırlar. Halbuki rəsmi Bakı artıq belə təhdidlərə əhəmiyyət verəcək vəziyyətdə deyil. Çünki Azərbaycan Rusiyanın təsir və nəzarət dairəsindən artıq çoxdan çıxıb və güclü dövlət olduğunu və Rusiyaya müqavimət göstərmək imkanlarında olduğunu da sübut edib. Azərbaycana artıq təzyiq etmək və təhdid etmək mexanizmi qalmayıb. Erməni kartından növbəti dəfə Azərbaycana qarşı istifadə etmə ehtimalı isə tamamilə inandırıcıdır. Fransadan Ermənistana silah, sursat və hərbi texnika göndərildiyi də məlumdur. Bu prosesdə Hindistan faktoru da mövcuddur. Hindistan da Ermənistana silah göndərir. Maraqlı bir məqam isə ondan ibarətdir ki, Hindistan özü dünyanın ən böyük silah alıcılarından biridir, amma Ermənistan Hindistan hərbi sənaye kompleksinin istehsal etdiyi silahların yeganə alıcısıdır”.
Siyasi şərhçi daha sonra bildirib:
“Bütün bunlara baxmayaraq, Ermənistan nə qədər silahlansa da, artıq Azərbaycana nə Fransa, nə də Rusiya Ermənistan üzərindən heç bir təhlükə törədə bilməzlər. Azərbaycanın həm ordusu, həm də iqtisadiyyatı özünü müdafiə etmək imkanlarına sahibdir. Digər tərəfdən, Azərbaycanın çox önəmli müttəfiqləri var. NATO ölkəsi olan Türkiyə başda olmaqla Azərbaycanın çox önəmli müttəfiqləri mövcuddur və bu situasiyada hər hansı bir şeyin zorla qəbul etdirilməsi və ya Azərbaycanı yeni savaşla təhdid etmək tamamilə absurd bir şeydir. Amerika Birləşmiş Ştatlarında isə Cənubi Qafqaza yönəlik siyasətinin dəyişmə ehtimalı getdikcə artır. Böyük ehtimalla yaxın aylarda Cənubi Qafqazda situasiya tamamilə dəyişəcək. Ermənistan artıq öz gələcək taleyinin Azərbaycandan asılı olduğunu birmənalı şəkildə anlamaq və qəbul etmək məcburiyyətində qalacaq”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az