“Ermənistan Türkiyə sərhəd keçidinin açılması öncəliklə ermənilər həyati əhəmiyyət daşıyır. Bu, 30 ildir davam edən regional blokada şəraitinin sona çatması demək olub. Ermənistan üçün yeni nəfəslik anlamına gəlir. Türkiyə ilə normallaşma və sərhədlərin açılması Ermənistana həm iqtisadi, həm siyasi olaraq vacib dividendlər qazandıra bilər. Odur ki, bu barədə xəbərlərdə informasiya məkanının erməni seqmentindən qaynaqlanır. Lakin bizim medianın təsdiqlənmiş, rəsmi təsbitini tapmış xəbərlərə istinad etməsi arzuolunandır. Belə ki, 1 martda sərhədlərin açılması ilə bağlı spekulyasiyanı elə Ermənistan XİN özü təqzib etməli oldu. Bu, həmçinin nəbz yoxlama olaraq da qiymətləndirilə bilər. Görünən odur ki, nə Türkiyə, nə Azərbaycan buna pozitiv reaksiya vermədi. Nəzərə alaqki, Ermənistan Baş naziri Paşinyan bu xəbərin yayılmasından az öncə ABŞ-da “Atlantic Council”-də çıxış edərək mühüm sülh bəyanları vermiş, Ermənistanın Türkiyə ilə heç vaxt indi olmadığı qədər güclü dialoq içərisində olduğunu qeyd etmişdi”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.
Xatırladaq ki, ötən gün Ermənistan-Türkiyə sərhədində yerləşən “Marqara” keçid məntəqəsinin martın 1-də açılacağına dair yayılan xəbərlər ciddi müzakirələrə səbəb oldu. İddialara görə, iki ölkə arasnda sərhədin açılması və burada vəziyyətə Milli Təhlükəsizlik Xidmətinin nəzarət etməsi planlaşdırılıb.
Bununla bağlı, siyasi şərhçi bildirib ki, belə bir vaxtda sərhədlərin açılması ilə bağlı spekulyasiya ictimaiyyətə daha inandırıcı gələ bilərdi:
“Ümumiyyətlə, Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra, 2021-ci ilin dekabrında Türkiyə və Ermənistan normallaşma üzrə xüsusi nümayəndələr təyin etmiş və bundan sonra qarşılıqlı görüşlər aktivləşmişdir. İlk dəfə 2022-ci ilin fevralında iki ölkə arasında birbaşa uçuşlar başlanmış, həmçinin həmin ilin yayında iki ölkə sərhəddinin üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açılmasına dair danışıqlar aparılmışdı. 2024-cü ilin yayında iki ölkənin normallaşma üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan Alican-Marqara sərhəddində görüşəndən sonra sərhədlərin açıla bilmə ehtimalı daha tez-tez səsləndirilməyə başlandı. Hətta 2024-cü ilin sonunda Ermənistan tərəfi rəsmi elan etdi ki, sərhəd keçidinin bərpa olunması üçün görülən bütün işlər tamamlanıb. Lakin, aydındır ki, bu məsələdə konsensus olmalıdır. Həm Türkiyənin, həm də Azərbaycanın konkret mövqeyi var – Ermənistan-Azərbaycan arasında sülhün əldə olunması. Sülh əldə olunmayınca sərhədlərin açılmasından söhbət gedə bilməz. Normallaşmanın əldə olunması üçün hətta saxta“erməni soyqırımı”nın Türkiyə tərəfindən tanınması tələbindən də imtina edən Ermənistan rəhbərliyi (halbuki diaspora öz ampluasında davam edir) bunu anlamalıdırki, Azərbaycan və Türkiyə münasibətləri, ortaq maraqları və mövqeləri sarsılmazdır. Ermənistan qlobal nəqliyyat-logistika və yaşıl enerji dəhlizlərinin bir parçasına çevrilmək və bundan iqtisadi fayda əldə etmək istəyirsə, Azərbaycanın şərtləri ilə sülh müqaviləsinin imzalanmasına töhfə verməlidir”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az