"Ermənistanda üçüncü bir qüvvə - Levon Ter-Petrosyan da aktivləşib" - Siyasi şərhçi

20 Fevral 2025 20:43 (UTC+04:00)

“Rusiyanın Ukraynada bataqlığa düşməsi, nəticə etibarilə, onun digər regionlardakı maraqlarını tam olaraq qoruya bilməməsi ilə nəticələndi. Bu prosesin təsirlərini Suriyada yaranmış vəziyyətdə, Ermənistanın ABŞ ilə strateji tərəfdaşlıq sazişi imzalamasında, sərhədlərinə Avropa İttifaqı müşahidə missiyasının yerləşdirilməsində və ardınca Avropa İttifaqına üzvlük prosedurlarına başlamasında müşahidə etdik. Hazırda Ukrayna müharibəsində danışıqlar mərhələsinə keçid edildiyi və atəşkəs sazişinin imzalanması perspektivlərinin olduğu bir vaxtda Rusiya, indiyə qədər məcbur olub susduğu və ya maraqlarını güzəştə getdiyi regionlarda yenidən təsirini bərpa etməyə çalışacaq. Bu baxımdan, onun əsas hədəflərindən biri Ermənistan ola bilər”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

Qeyd edək ki, Ermənistan müxalifəti son günlər aktivləşib. Bunun Rusiya dairələrindən ötürülən siqnallardan qaynaqlandığı iddia edilir. Bildirilir ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla görüşəndən sonra Cənubi Qafqaza fokuslanacaq. Digər tərəfdən məlumata görə, Ermənistan Baş naziri Nikol Paşinyan eks-prezident Ter-Petrosyan vasitəsilə Rusiya ilə münasibətləri düzəltməyə çalışır.

Siyasi şərhçi bildirib ki, Rusiyanın indiyə qədərki fəaliyyəti göstərir ki, o, Paşinyan hakimiyyətini müəyyən addımlardan çəkindirmək və prosesləri öz maraqlarına uyğun şəkildə tormozlamaq üçün Ermənistandakı “beşinci kolon”undan aktiv şəkildə istifadə edib.

“Bunun bariz nümunələrindən biri Rusiyaya yaxın müxalifətlə kilsənin birgə fəaliyyətidir. Həmçinin, Köçəryan-Sərkisyan cütlüyünün proseslərə xaricdən verdiyi dəstək də bu strategiyanın tərkib hissəsidir. Qeyd etmək lazımdır ki, həbsdən azad olunduqdan sonra müəyyən müddət susqun qalan Köçəryan son vaxtlar daha aktiv görünməyə başlayıb. O, əvvəllər Baqrat hərəkatında fəal iştirak etsə də, sonradan geri çəkilmişdi. İndiki fəallığının bir neçə əsas səbəbi var:

1. Rusiyadan gələn sifariş – Moskva, Ukrayna danışıqları sona çatana qədər Ermənistandakı mövqelərini qorumaq üçün “beşinci kolon”unu aktivləşdirib.

2. Paşinyan hakimiyyətinin reytinqinin aşağı düşməsi – Ermənistan daxilində narazılığın artması Rusiya üçün əlverişli zəmin yaradır.

3. Revanşist meyillərin güclənməsi – Ermənistanın sürətli silahlanması fonunda revanşist hisslər artır və Köçəryan bu mühitdən istifadə edərək öz mövqeyini gücləndirməyə çalışır”.

Siyasi şərhçi daha sonra bildirib:

“Bundan əlavə, Ermənistanda Köçəryan və Paşinyana eyni məsafədə dayanan üçüncü bir qüvvə – Levon Ter-Petrosyan da aktivləşib. Onun son vaxtlar həm Rusiya, həm də İran səfirləri ilə görüşləri göstərir ki, Ermənistanda yeni siyasi oyunlar başlanır. Bu aktivləşmənin iki mümkün izahı var: İlk versiyaya görə, Paşinyan vasitəsilə Rusiya ilə münasibətlərin normallaşdırılması – Ola bilsin ki, Ter-Petrosyanın hərəkətləri Paşinyanın təşəbbüsü ilə baş verir və məqsəd Moskva ilə gərginliyi yumşaltmaqdır. İkinci versiya isə Rusiyanın Ter-Petrosyanı Paşinyana qarşı alternativ güc kimi irəli sürməsi – Bu versiyaya görə, Rusiya İranla birlikdə Ter-Petrosyanı yeni müxalif lider kimi dəstəkləyə bilər. Bütün bu proseslər fonunda Ermənistanın daxili vəziyyəti sabit deyil və yaxın gələcəkdə daha da gərginləşə, hətta xaosa çevrilə bilər. Paşinyanın indiki mərhələdə müəyyən dərəcədə Rusiyanın maraqlarına uyğun davranacağını ehtimal etmək olar. Lakin bu, onun tamamilə geri addım atacağı və Qərblə münasibətləri donduracağı anlamına gəlmir. O, iqtisadi baxımdan Rusiyadan ciddi şəkildə asılıdır, lakin Qərbə də elə öhdəliklər götürüb ki, birdən-birə bu öhdəliklərdən imtina edib tamamilə Moskvanın təsiri altına düşməsi siyasi karyerasının sonu ola bilər. Onun tərəfdarları da bu addımı asanlıqla qəbul etməzlər. Bu baxımdan, Paşinyanın müəyyən güzəştlərə getməsi mümkündür, lakin onun tamamilə Rusiyanın təsiri altına düşəcəyi ehtimalı aşağıdır”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az