XRİTDX media qurumlarını kibertəhlükəsizlik məsələlərində diqqətli olmağa çağırıb

21 Fevral 2025 12:10 (UTC+04:00)

“Dövlət qurumlarına qarşı həyata keçirilən kiberhücumların qarşısı tam olaraq alınır. Hücumlar əsasən məlumatları kənarda yerləşdirilən media qurumlarına qarşı olub”.

“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəis müavini general-mayor Allahverən İsmayılov deyib.

O bildirib ki, media qurumları bu məsələlərdə diqqətli olmalıdır. XRİTDX və digər aidiyyəti dövlət qurumları maarifləndirmə işlərinin aparılması, görüşlərin keçirilməsində əməkdaşlığı gücləndirməlidir: "Aparıb göstərək, nə etmək lazımdır, hansı tədbirlər görsək belə halların qarşısını tez ala bilərik. Bəzən bizə elə gəlir ki, açıq mənbələrdə elə də məlumat yoxdur. Amma xüsusi xidmət orqanları açıq mənbələrdə apardığı təhlil məlumatlarından külli miqdarda əməliyyat məlumatları əldə edir. Kiberhücumlar göstərir ki, açıq mənbələrdə, media ilə bağlı məsələlərə sadə yanaşma olmamalı, təhlükəsizlik prizmasından baxılmalıdır. Hər kəs də təhlükəsizliyinin təmin edilməsi baxımından öz imkanlarından maksimum istifadə etməlidir”.

AzNews.az