"Formula 1"-ə ayrılan pulların mənimsənilməsi ilə bağlı keçirilən məhkəmə istintaqı yekunlaşıb

24 Fevral 2025 14:36 (UTC+04:00)

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri məhkəməyə bir neçə vəsatət təqdim edib.

Çingiz Mehdiyevin vəkili deyib ki, zərərçəkmiş kimi tanınan "Formula 1"-in nümayəndələri məhkəmədə iştirak etmir, müəyyən sənədlər tələb edilsə də, təqdim etmirlər:

"Formula 1-də işləyən vəzifəli şəxslərin hamısının ifadələri alınmayıb. Xüsusən sərəncam verən şəxslər dindirilmədir. İbtidai istintaqda hazırlanmış ittiham aktında leqallaşdırma maddəsi qoyulub. Çingiz Mehdiyevin qardaşının Gürcüstanda olan bank hesabına pul köçürülməsi leqallaşdırma hesab olunub. İlkin vəsatətimiz qeyd olunan mütəxəssis rəyi ilə bağlıdır. Ekspertizaya aid rəy mütəxəssis rəyi sayıla bilməz. Çünki gömrük bəyannaməsinin rəqəmləri ilə bağlı sadə səhvlərə yol verilib, Həmin mütəxəssisin məhkəməyə dəvət olunub dindirilməsini xahiş edirik".

Dövlət ittihamçısı vəkilin vəsatətinə münasibət bildirərək qeyd edib ki, əgər, gömrük bəyannamələri əsas götürülməyibsə, bununla bağlı sübutlar da təqdim edilməməlidir. İttihamçı məhkəməyə vəsatətin təmin olunmamasını təklif edib.

Hakim heyəti yerində müşavirə keçirərək vəsatəti təmin etməyib.

Vəkillər digər vəsatətlərində Hesablama Palatasının Bakı Şəhər Halqası Əməliyyat Şirkətində 2015-2018-ci ildə apardığı audit yoxlamasının nəticələrinin məhkəməyə göndərilməsinin təmin edilməsini xahiş ediblər.

Məhkəmə vəsatəti baxılmamış saxlayıb. Hakim Leyla Əsgərova-Məmmədova bildirib ki, bu vəsatət əvvəlki proseslərin birində verilib: "Təqdim edilən vəsatətlərdə təkrarçılığa yol verilməməlidir".

Daha sonra hakim məhkəmə istintaqının yekunlaşdığını elan edib. Vəkillər məhkəmə istintaqının yekunlaşdırılması ilə razı olmayıblar. Belə ki, onlar məhkəmə tərkibinə etiraz edəcəklərini deyiblər.

Məhkəmənin növbəti iclası martın 3-ə təyin olunub.

Qeyd edək ki, Çingiz Mehdiyev Formula-1 oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur.

Ç.Mehdiyev barəsində istintaq dövrü müddətinə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.