“Rusiya Federasiyasının xarici işlər nazirinin Türkiyəyə səfəri əslində gözlənilən idi. Çünki üç ildən çoxdur davam edən Rusiya-Ukrayna müharibəsində ən ədalətli və beynəlxalq hüquqa ən uyğun mövqedən çıxış edən ölkələrdən biri qardaş Türkiyə Cümhuriyyəti olub. Eyni zamanda, müharibənin dayandırılması üçün ən səmimi səylər göstərən ölkə də Türkiyədir”.
Bu fikirləri Aznews.az -a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edib. Səfər zamanı beynəlxalq, regional və ikitərəfli münasibətlərə dair geniş mövzuların müzakirə olunacağı gözlənilir. Ukrayna Prezidenti Volodimir Zelenskinin ötən həftə Türkiyəyə səfərinin ardınca Sergey Lavrovun da Ankaraya üz tutması diqqət çəkir. Bəzi ekspertlərin fikrincə, Ukrayna müharibəsinin həllində Türkiyənin vasitəçiliyi əsas rol oynayacaq.
Deputat qeyd edib ki, Türkiyə hər iki müharibə aparan ölkə ilə ortaq balansı taparaq hər ikisi ilə münasibətləri qorumağı bacaran mühüm bir barışdırıcı diplomatiya həyata keçirib.
“Ona görə də Lavrovun Türkiyəyə səfəri, özünün qeyd etdiyi kimi, Rusiya ilə aparılan danışıqlar barədə Türkiyənin məlumatlandırılması məqsədini daşıyırdı. Lakin bu, məsələnin yalnız bir hissəsidir. Bilirik ki, Yaxın Şərqdə, xüsusilə Rusiyanın mövqelərinin zəiflədiyi bir dövrdə, Türkiyənin güclənən mövqeyi Lavrovun bu səfərini zəruri edən əsas amillərdən biridir. Bununla paralel olaraq, Hakan Fidan görüşdən dərhal sonra verdiyi açıqlamada ABŞ-ın təşəbbüsü ilə başlanmış Rusiya-Ukrayna danışıqlarını dəstəklədiklərini vurğuladı. Xatırladaq ki, bu cür ilk danışıqlar da məhz Türkiyədə baş tutmuşdu. Rusiya ilə Ukrayna arasında müharibəni dayandırmaq üçün İstanbul razılaşması mövcud idi, lakin təəssüf ki, bu razılaşmadan imtina edildi. Bütün bunlarla yanaşı, Lavrovun görüşdən sonra bildirdiyi kimi, regionda üçtərəfli əməkdaşlıq və Cənubi Qafqaz məsələləri də iki mühüm dövlət arasında məsləhətləşməni zəruri edir. Sevindirici haldır ki, hər iki xarici işlər naziri görüşdən sonra pozitiv açıqlamalar verdilər və bu, regionumuz üçün də əhəmiyyətlidir”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az