Maliyyə Monitorinqi Xidməti riskli əməliyyatların müəyyənləşməsinə dair yanaşmanı dəyişəcək

25 Fevral 2025 12:37 (UTC+04:00)

Təxminən 5-10 ildən sonra hər birimizin müştəri profili olacaq və bu dövrdə şəffaflığın yeni səviyyəsinə şahidlik edəcəyik.

Bunu Maliyyə Monitorinqi Xidmətinin Hüquq-mühafizə və nəzarət orqanları ilə iş departamentinin direktoru Nurlan Babayev Bakıda keçirilən Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azerbaijan”) 5-ci Etika və Uyğunluq Konfransında bildirib.

O, bu tendensiyanı müsbət qiymətləndirərək, güclü təhlükəsizlik çərçivəsinin formalaşacağını və bütün sektorların bundan faydalanacağını vurğulayıb:

“Hər bir şübhəli əməliyyatı və ya şəxsi müəyyən etmək mümkün deyil. Hər gün milyonlarla əməliyyat həyata keçirilir və onların hamısına nəzarət etmək çətindir. Lakin ağıllı yanaşma ilə riskli əməliyyatları və müştəriləri müəyyən edərək resurslarımızı onlara yönləndirə bilərik. Əsas məqsədimiz qanunvericiliyi risk əsaslı etməkdir. Banklar bu ideyanı bəyənirlər, çünki bu, onlara əməliyyatlarda çeviklik qazandırır”.

N.Babayev əlavə edib ki, təcrübədə maraqların toqquşması halları da baş verir: "Bəzi riskli, lakin yüksək gəlirli əməliyyatlar həyata keçirilə bilər. Güclü bazar rəqabəti şəraitində, əgər riskli məhsul bazara təqdim olunursa, eyni zamanda sərt tələblər irəli sürülərsə, müştərilərin itirilməsi riski yaranır. Bu isə nəzarətçi qurumlar üçün də arzuolunmazdır. Buna görə də əvvəlki daha sərt qaydalara geri dönüş edilib".