Ağdam-Şuşa-Xankəndi-Əskəran yolunun kəsişməsində yerləşən, regionun yeganə hava limanının olduğu və kommunikasiyaların əsas nöqtələrindən biri kimi strateji mövqeyə malik olması Xocalının əhəmiyyətini daha da artırmışdı. Bunu yaxşı anlayan Ermənistan rəhbərliyi və Qarabağdakı terrorçu rejim strateji məqsədlərinə çatmaq və üstünlük əldə etmək üçün əsas həmləsini məhz Xocalıdan başlamaq qərarı vermişdi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xankəndində yerləşən 366-cı motoatıcı alayının köməyi ilə yeddi min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirdi, 613 nəfər xüsusi qəddarlıqla ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. Qətlə yetirilənlərin 106-sı qadın, 63-ü azyaşlı uşaq, 70-i qoca idi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi hələ də məlum deyil. Erməni vandalları işğal zamanı şəhərin zəngin maddi mədəniyyət abidələrini məhv etmiş, dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı kurqanları texnika vasitəsilə darmadağın olunmuşdur.
Ermənilərin Xocalıda törətdikləri soyqırımı bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən ‒ dünya tarixində yaddaşlardan heç bir zaman silinməyən Xolokost, Ruanda və Srebrenitsa və digər bu kimi dinc əhalinin soyqırımına yönəlmiş dəhşətli faciələrdən biridir. BMT-nin “Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” beynəlxalq konvensiyasını maddələri də Xocalıda baş verənlərin soyqırımı olmasını hüquqi baxımdan tamamilə təsdiqləyir.
Bu qanlı faciəyə hüquqi-siyasi qiymət verilməsi isə ilk dəfə Ümummilli Lider Heydər Əliyevin iradəsi sayəsində mümkün olmuşdur. Onun təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etmişdir. Ulu Öndər soyqırımla bağlı aşağıdakı fikirləri müasir dövrümüzdə də öz aktuallığını qorumaqdadır: “Xalqımızın qəhrəman, igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid oldular. Ancaq bütün bu tarixin içindә Xocalı faciəsinin xüsusi yeri var. O da ondan ibarәtdir ki, bir tәrәfdәn bu, hәr bir Xocalı sakininin öz torpağına, millətinə, Vәtәninә sәdaqәtliliyinin nümunәsidir. İkinci tәrәfdәn dә Ermənistanın millətçi, vəhşi qüvvələri tәrәfindәn Azәrbaycana qarşı edilәn soyqırımıdır, vəhşiliyin görünməmiş bir təzahürüdür”.
Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində dövlət səviyyəsində böyükmiqyaslı tədbir və kampaniyalar təşkil edilmiş Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondun vitse-prezidenti Leyla Əliyevanın gördüyü misilsiz işlər, dünyanın müxtəlif guşələrində səfirlik və diaspor təşkilatlarımızla birgə keçirdiyi təbliğat kampaniyaları və tədbirlər xüsusi diplomatik-siyasi təsir gücünə malik olmuşdur.
Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də start götürən “Xocalıya ədalət!” kampaniyası erməni terrorizminin simasının dünyaya tanıdılmasında və Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə təqdim edilməsində mühüm rol oynamışdır.
“Xocalıya ədalət - Qarabağa azadlıq” kampaniyası İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən dəstəklənmiş və 26 fevral tarixinin İƏT-ə üzv ölkələrdə faciə qurbanlarının Xatirə Günü kimi qeyd olunması qərara alınmışdır. İƏT xarici işlər nazirlərinin 35-ci iclasında isə “Xocalı ili” ilə əlaqədar xüsusi qətnamə qəbul edilmiş, 57 ölkənin xarici işlər nazirlərinin dəstəyi ilə qətnamənin icrası üçün zəruri siyasi və hüquqi zəmin yaradılmışdır.
2015-ci ildə Leyla Əliyevanın təşəbbüsü “Xocalıya ədalət” kitabı ingilis və rus dillərində nəşr olunmuş, nəşrdə Ermənistanın və onun rəsmilərinin məsuliyyətinin beynəlxalq hüquqi əsasları izahını tapmışdır. Ümumilikdə, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın 70-dən çox ölkəsində hər il Xocalı ilə bağlı konfranslar, sərgilər təşkil olunmuşdur.
Ermənistan rəhbərliyi Xocalını işğalda saxladığı illərdə ərazidə qanunsuz məskunlaşma həyata keçirərək hesab edirdi ki, işğalçılar burada əbədi qalacaqlar. Onlar Xocalının adını da dəyişmiş, hərbi cinayətkar İvanyanın adına rəsmiləşdirmişdilər. Ancaq Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı azad edərək, ardınca antiterror tədbirləri həyata keçirərək erməni vandallarının bütün arzularını gözündə qoydu, Xocalı azad edildi, Xocalı əsl sahiblərinə qovuşdu!
Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldaraq xalqımızda milli qürur anları yaşatdı. 2024-cü il fevralın 26-da Xocalıda Soyqırımı Memorialının təməli qoyan cənab İlham Əliyevin iştirakı ilə xalqımız ilk dəfə Xocalı soyqırımı gününü Xocalıda qeyd etdi. Ali Baş Komandan bəyan etdi ki, 32 ildən sonra biz doğma torpağımıza qayıtmışıq.
Nəhayət, Xocalı sakinlərinin bu həsrətinə son qoyuldu. 2024-cü il mayın 28-də, Müstəqillik Günündə Xocalı şəhərinə ilk sakinlərin köçü gerçəkləşdi. Bu tarixi qürurverici hadisə, möhtəşəm mərasim həm də “Xocalıya Ədalət”in təntənəsi idi. Böyük Qayıdışa Xocalı səhifəsi yazılan bu qürurverici hadisə geridönüşün birinci mərhələsi idi. 2025-ci il fevralın 19-da Xocalının Ballıca kəndinə köçən bir qrup sakinlə görüşən Prezident İlham Əliyev bəyan etdi ki, digər yaşayış evlərinin və infrastruktur işlərinin tamamlanmasından sonra bütün Xocalılar öz isti ocaqlarına qayıdacaqlar.
Beləliklə, Azərbaycan dövləti tək Xocalı faciəsini törədənlərin deyil, buna uzun illərdir ki, göz yuman xarici havadarlarının da cəzasını verdi. İnsanlıq əleyhinə dəhşətli cinayətlər edən şəxslərin bir qismi Azərbaycanın təhlükəsizlik orqanları tərəfindən həbs edərək ədalət məhkəməsi qarşısına çıxarıldı. Digər müharibə cinayətkarlarının da ədalət məhkəməsi qarşısında dayanacağına heç bir şübhə yoxdur.
Ramid Namazov
Milli Məclisin deputatı
AzNews.az