“Fransa səfiri açıqlamalarında bəzən özünü Ermənistanın rəsmi nümayəndəsi kimi aparır və eyni zamanda rəsmi Parisin Cənubi Qafqazla bağlı planlarını da ifşa edir. Hər kəsə məlumdur ki, Fransa üçün bu regionda yeni bir münaqişənin alovlanması strateji əhəmiyyət kəsb edir. Çünki rəsmi Paris Cənubi Qafqazda baş verə biləcək növbəti müharibədən sonra bölgəyə sülhməramlı missiya adı altında hərbi kontingent yerləşdirmək niyyətindədir. Başqa sözlə, Fransa regional təsirini artırmaq üçün yeni bir qarşıdurmadan istifadə etməyə çalışır. Bu məqsədlə Ermənistan və Azərbaycan arasında gərginliyi artırmaq üçün əlindən gələni edir”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi ekspert Elçin Xalidbəyli deyib.
Xatırladaq ki, Fransanın İrəvandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotini Ermənistanın “İctimai” radiosuna müsahibəsində bir sıra fikirlər səsləndirib. Belə ki, o, Azərbaycan və Ermənistan arasında müharibənin gözlənildiyinə diqqət çəkib. Dekotininin bu açıqlaması ictimaiyyətdə birmənalı qarşılanmayıb.
Siyasi ekspert qeyd edib ki, son dövrlərdə Ermənistan Fransanın dəstəyi ilə silahlanır, eyni zamanda Hindistandan aldığı hərbi texnika ilə savaşa hazırlaşırdı.
“Lakin beynəlxalq vəziyyətin sürətlə dəyişməsi nəticəsində İrəvanda anlayırlar ki, yeni bir müharibə Ermənistanın mövcudluğuna ciddi təhlükə yarada bilər. Hətta baş nazir Nikol Paşinyan və onun komandasında olan bəzi şəxslər belə bu reallığı dərk etməyə başlayıblar. Çünki belə bir münaqişə baş verərsə, Fransa belə Ermənistanı xilas edə bilməyəcək. Fransa uzun illərdir müxtəlif ölkələrdə münaqişələr və müdaxilələr vasitəsilə öz maraqlarını təmin etməyə çalışır. Afrikada müstəmləkəçilik siyasəti bunun bariz nümunəsidir. İndi isə Afrikadakı təsirini itirən Fransa Cənubi Qafqazda möhkəmlənməyə çalışır və bunun üçün regionda gərginlik yaratmağa cəhd edir. Lakin hazırkı beynəlxalq və regional proseslər göstərir ki, Parisin bu planlarının reallaşması o qədər də asan olmayacaq”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az