“Quska” yenidən ağır cəza aldı - 9 il

27 Fevral 2025 13:18 (UTC+04:00)

Keçmiş deputat Hüseyn Abdullayevin məhkəmə araşdırması başa çatıb.

Cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasında ittiham olunan “Quska”nın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Azər Tağıyevin sədrlik etdiyi məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən “Quska” 9 il azadlıqdan məhrum edilib.

7 ilə yaxındır həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevə yenidən daha 9 il həbs cəzası kəsilib. Fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Sabiq deputat 5.5 milyonluq vəsaiti leqallaşdırmaqda suçlu sayılıb. Ancaq o, özünü təqsirli bilmir. Hökmdən öncə son sözündə də deyib ki, günahı yoxdur. Məhkəmədən ədalətli qərar çıxarmasını və bəraət istəyib. Məhkəməyə sağlamlığındakı problemlərlə əlaqədar Bakı İstintaq Təcridxanasından online qaydada qatılan H.Abdullayevin son sözü də qısa olub.

Xatırlatma

Hüseyn Abdullayev 2018-ci il aprelin 18-də Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. Dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması və s. ittihamlarla 6 il azadlıqdan məhrum edilib.

2024-cü ildə bu cəzanın başa çatmasına 40 gün qalmış onun haqqında yenidən cinayət işi başlanıb, Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsilə ittiham verilib.

58 yaşlı H.Abdullayev özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu deyir.

O, ilk dəfə 2007-ci ildə deputat olduğu dövrdə parlamentdə Fəzail Ağamalı ilə davadan sonra xuliqanlıq ittihamıyla həbs olunmuşdu. Şərti cəza ilə azadlığa buraxılan H.Abdullayev bundan sonra Almaniyaya mühacirət edərək, orada sığınacaq almışdı.