İşğaldan azad edilmiş ərazilərdə kəhrizlərin bərpası üçün strategiya hazırlanmalıdır.
APA-nın Zəngilana ezam olunmuş müxbirinin xəbərinə görə, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi, Ekoloji məsələlər üzrə işçi qrupun üzvü Nərgiz Qaracayeva işçi qrupun iclasında deyib.
"İşğaldan azad edilmiş ərazilərdə əhalinin dayanıqlı yaşaması üçün kəhrizlərin bərpası vacibdir.
Buna görə də, kəhrizlərin bərpası üçün strategiya hazırlanmalı, bu işin hansı quruma tapşırılacağını müəyyənləşdirmək lazımdır".
Nərgiz Qaracayeva qeyd edib ki, işğaldan əvvəl Cəbrayılda 100-dən çox kəhriz olub. Bu kəhriz sularından içməli su və suvarma məqsədilə istifadə edilib.
"Kəhriz bizim mədəni irsimizin bir hissəsidir.
İqlim dəyişikliyi ilə əlaqədar su ehtiyatlarının azalması fonunda alternativ su ehtiyatı olan kəhrizlərin bərpası vacibdir.
İşğaldan azad edilmiş Horovlu kəndində isə 2024-cü ildə 5 kəhriz bərpa edilib.
Ən bol sulu kəhriz "Baş kəhriz" isə hələ bərpa edilməyib".
Eyni zamanda, Soltanlı, Şükürbəyli kəndində və Cəbrayıl şəhəri ərazisində yeni kəhrizlərin tikilməsi nəzərdə tutulur.
AzNews.az