Ukrayna-Rusiya münaqişəsi: Trampın istəyi... Zelenskinin tələbi... Putinin mövqeyi

27 Fevral 2025 19:27 (UTC+04:00)

“Hesab etmirəm ki, hazırda aparılan danışıqlar – istər Ukrayna ilə Birləşmiş Ştatlar arasında, istərsə də Rusiya ilə Birləşmiş Ştatlar arasında – qısa müddətdə müharibənin dayanması ilə nəticələnəcək. Bildiyiniz kimi, artıq bir proses başlayıb, lakin müharibənin tamamilə dayanması üçün hələlik zəmin yetişməyib, şərtlər formalaşmayıb. Bununla belə, hərbi əməliyyatların müvəqqəti dayandırılması və ya Ukrayna ilə Rusiyanın yenidən danışıqlar masasına qayıtması mümkün ola bilər. Yəni hazırda baş verən proseslər yalnız buna gətirib çıxara bilər”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Mətin Məmmədli deyib.

Xatırladaq ki, sabah – fevralın 28-də Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ prezidenti Donald Tramp Vaşinqtonda mühüm bir görüş keçirəcəklər. Bu görüşdə Ukraynanın nadir torpaq elementləri və digər təbii resurslarının istismarı ilə bağlı iki ölkə arasında əhəmiyyətli bir razılaşmanın imzalanması planlaşdırılır. Razılaşmaya əsasən, Ukrayna dövlət nəzarətində olan təbii resurslarının gəlirlərinin 50%-ni ABŞ-yə təqdim edəcək, əvəzində isə ABŞ Ukraynanın təhlükəsizliyini təmin etmək üçün dəstək verəcək. Lakin, bu təhlükəsizlik zəmanətlərinin konkret detalları hələ dəqiqləşdirilməyib.

Siyasi şərhçi qeyd edib ki, müharibənin dayanmaması və onun başa çatması üçün şərtlərin hələ formalaşmaması məsələsində tərəflər – xüsusilə də Rusiya və Ukrayna – prinsipial məsələlərdə tamamilə fərqli mövqelərə malikdir.

“Məsələn, Ukrayna öz ərazi bütövlüyündən imtina etmədiyini bəyan edib. Yəni Zelenski hakimiyyəti bütün ərazilər üzərində Ukraynanın suverenliyinin bərqərar olmalı olduğunu israrla vurğulayır. Bundan əlavə, Ukrayna üçün ciddi təhlükəsizlik təminatları tələb olunur. Ukraynanın suverenliyi və müstəqilliyi qorunmalı və təmin edilməlidir. Lakin bütün bu məsələlərdə Rusiya tamamilə fərqli mövqe tutur. Bu səbəbdən də indiki mərhələdə müharibənin dayandırılması və sülh prosesinin başlaması mümkün görünmür. Bununla belə, qeyd etdiyim kimi, başlanan proses yalnız hərbi əməliyyatların müvəqqəti dayandırılmasına və tərəflərin danışıqlar masasına qayıtmasına səbəb ola bilər. Ukrayna ilə Birləşmiş Ştatlar arasında aparılan danışıqların əsas mövzusu isə Ukraynanın yeraltı sərvətləri və mineral ehtiyatları ilə bağlı müqavilənin imzalanmasıdır. Sabah Ukrayna prezidenti Vaşinqtona səfər edəcək və orada bu sənədin imzalanması gözlənilir. Bildiyiniz kimi, bu sənəd üzərində tərəflər arasında tam razılıq əldə olunmamışdı. Lakin son günlər müəyyən kompromis variantına nail olunub. Bu, həm Ukraynanı, həm də Birləşmiş Ştatları qane edən kompromis şərtləri özündə ehtiva edir. Lakin konkret detallar hələlik tam açıqlanmayıb. Müxtəlif versiyalar mediada səsləndirilir və yəqin ki, sabah sənəd imzalandıqdan sonra onun məzmunu aydın olacaq”.

Siyasi şərhçi daha sonra bildirib:

“Ümumilikdə qeyd etmək istərdim ki, Ukraynanın bu sənədlə bağlı əsas tələbi Birləşmiş Ştatların ona geniş təhlükəsizlik təminatı verməsi və eyni zamanda Ukraynanın öz təbii sərvətləri üzərində mülkiyyət hüququnu qoruyub saxlamasıdır. Hər halda, sabah saziş imzalandıqdan sonra biz onun detalları barədə daha dəqiq məlumat əldə edəcəyik. Digər tərəfdən, Rusiya ilə Amerika arasında da danışıqlar davam edir. Bu gün İstanbulda keçirilən görüşlərdə tərəflər arasında hələ də ciddi fikir ayrılıqlarının mövcud olduğu görünür. Verilən müsbət mesajlara baxmayaraq, tərəflər yalnız bir məsələ – diplomatik missiyaların tam fəaliyyətə başlaması – barədə razılığa gəliblər. Düşünürəm ki, bu, tərəflərarası münasibətlərin tədricən bərpasına işarədir. Bundan əlavə, Amerika Birləşmiş Ştatlarının yeni administrasiyası Rusiya-Ukrayna müharibəsi və ümumiyyətlə, Rusiya ilə münasibətlərə sələflərindən fərqli yanaşır. Bu səbəbdən düşünürəm ki, gələcəkdə Rusiya ilə münasibətlərin normallaşması istiqamətində müəyyən addımların şahidi ola bilərik”.

Rəfiqə NAMAZƏLİYEVA,

Aznews.az