“Gürcüstan, təbii ki, hazırda Qərblə münasibətlərində müəyyən qədər gərginlik yaşayır. Eyni zamanda, hələ ki, Rusiya ilə münasibətlər normallaşmayıb. Bu baxımdan, rəsmi Tiflis bölgədəki əsas müttəfiqləri – Azərbaycan və Türkiyə ilə münasibətlərin genişləndirilməsi və ortaq regional əməkdaşlığın gücləndirilməsi istiqamətində addımlar atır. Gürcüstan xarici işlər naziri Boçorişvilinin Ankarada Hakan Fidanla görüşündə səsləndirdiyi fikirlər də məhz bu mövzuları əhatə edir. Son dövrlərdə Gürcüstandan yüksək rütbəli dövlət rəsmilərinin Azərbaycana səfərlərinin planlaşdırılması da diqqət çəkir. Seçilmiş prezident də Azərbaycan haqqında müsbət mesajlar verərək, ilk səfərini məhz Azərbaycana edəcəyini bildirib”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.
Qeyd edək ki, Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili fevralın 26-da Ankarada türkiyəli həmkarı Hakan Fidanka birlikdə keçirdiyi mətbuat konfransında deyib ki, Gürcüstan region ölkələri, xüsusilə Azərbaycan, Türkiyə və Ermənistanla çoxtərəfli münasibətlərin inkişaf etdirilməsini vacib hesab edir.
Siyasi şərhçi qeyd edib ki, hazırda regionda Azərbaycanla və Türkiyə ilə əməkdaşlığın qurulması Gürcüstan üçün mühüm əhəmiyyət kəsb edir.
“Bu həm də Azərbaycan və Türkiyə üçün sərfəli bir variantdır. Çünki Gürcüstan çox mühüm strateji mövqedə yerləşən bir ölkədir və Cənubi Qafqazın Avropaya açılan qapısı sayılır. Gürcüstan, xüsusilə son zamanlar aktuallaşan Orta dəhliz layihəsinin reallaşmasında mühüm rol oynayacaq bir ölkədir. Bu baxımdan, Gürcüstanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması və Orta dəhliz layihəsi sahəsindəki əməkdaşlığın gücləndirilməsi, eyni zamanda regional əməkdaşlığın daha da inkişafına səbəb olacaq. Bu, Tiflisin, Bakının, Ankaranın və ümumilikdə bütün regionun maraqlarına xidmət edəcəkdir. Bu səbəbdən, yaxın zamanlarda Gürcüstandan həm Bakıya, həm də Ankaraya yüksək rütbəli dövlət rəsmilərinin tez-tez səfərləri baş verə bilər”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az