Əvvəli burada
II MƏQALƏ
Aristotel demişdi ki...
Müasir mərhələdə dövlət dilinin hüquqi və ictimai funksiyalarının bir-birini tamamlamalı olması yönündə daha aydın təsəvvürə malik olmaq üçün qədim yunan filosofu Aristotelin dövlət haqqında fikirlərinə qısa nəzər salaq.
Aristotel əsrlərlə bundan öncə dövlətin yaranması və inkişafını kollektiv miqyasda ünsiyyətlə əlaqələndirmişdi. O “Politika” əsərində yazırdı ki, dövlət cəmiyyədə ünsiyyətin özüninkişaf etdirməsinin təbii yekun təzahürüdür. Yəni toplumun həyatında insanlar arasında münasibətlərin kommunikasiya aspekti, bütövlükdə, etnosun mövcudluq şərtlərinə həlledici təsir edir. Cəmiyyətin dövlət qurmaq kimi “təbii tələbatı” bundan qaynaqlanır. Kollektiv ünsiyyətin inkişafı özlüyündə cəmiyyətin idarə olunması tələbatını yaradır və dövlət bu tələbatın mükəmməl şəkildə yekun olaraq tam ödənməsini ifadə edir.
Aristotelə görə, dövlətin yaranması və funksiyasında ünsiyyət (indiki terminlə dil) aparıcı rol oynayır. Hətta qədim yunan filosofu hesab edir ki, dövlətin formalaşması “cəmiyyətin özünü tam rahatlaması, özünüyaratması, sakitliyi özündə tapmasıdır”. Bu mənada etnos öz dövlətində özünü tapır, sabitləşir və kollektiv varlıq kimi mövcud ola bilir. Eyni zamanda, onun davamlı inkişafı dövlətçilik vasitəsilə şəxsi varolmanın xüsusi təcrübəsinə çevrilir.
Deməli, hələ Aristotel iki min il öncə ünsiyyəti, bütövlükdə, cəmiyyətin, o cümlədən onun dövlətinin varolmasının əsas aparıcı faktoru kimi dərk etmişdir. Qərb fəlsəfi düşüncəsində dövlət haqqında Aristotelin bu fundamental anlamı hələ də ciddi dəyişikliyə uğramamışdır. Təbii ki, çoxlu sayda incəlikləri olan yanaşmalar meydana gəlmişdir. Lakin ümumi fəlsəfi fikir axını kimi Qərb dövlət fəlsəfəsi Aristotelin intellektual və metodoloji “sərhədləri”ndən kənara çıxmamışdır. Ancaq burada bir incə məqamı ayrıca vurğulamaq lazımdır.
Lulli layihəsi
Orta əsrlərdə Avropada Raymond Lulli adlı bir keşiş dünyanın təkamül xəttini korrektə edən layihə ortaya atdı. O, kriptotəlim yaradaraq əsaslandırmağa çalışdı ki, ümumiyyətlə, dünyanın mövcudluğu və təkamülü xristian dininin həqiqətləri üzərindədir. Ona görə də, bütövlükdə, insan elminin əsas məqsədi xristian həqiqətlərini bu və ya digər şəkildə əsaslandırmaqdan, təbliği və təşviqindən ibarət olmalıdır. Yəni bu həm də “elm” adlanan insan fəaliyyətinin əsas vəzifəsi olmalıdır.
Bu yanaşma çərçivəsində R.Lulli özünün ümumi tezislərdən başlayaraq, konkret müddəalara qədər geniş idraki fəaliyyəti əhatə edən kriptosistemini yaratdı. Ona elə mexanizm verdi ki, məntiqi olaraq elmi fəaliyyət hər ümumi tezisdən alttezislərə keçid etməyə imkan olsun. Bu proses nəticəsində Lulli layihəsinə əsasən, bütün dünyəvi dinlər (İslam, Buddizm, İudaizm) xristian həqiqətlərinin doğruluğunu qəbul etməli və ona uyğun yaşamalıdır.
Lulli layihəsinin sadə ifadəsi belədir: İnsanın intellektual fəaliyyətinin hər bir növü, ilk növbədə, elm, xristian həqiqətlərinin doğruluğunu sübut etməyə və onun bütün bəşəriyyət tərəfindən bilərək və ya bilməyərək qəbul etməsinə xidmət göstərməlidir. Xeyli absurd və “qeyri-obyektiv” görünən bu iddia, çox maraqlıdır ki, artıq neçə əsrlərdir elmin bütün sahələrinin arxa planında motivəedici rol oynayır. Yəni təəccüblənəcəksiniz, hətta riyaziyyat, fizika, biologiya, fəlsəfə belə Lullinin kriptolayihəsi üzrə inkişaf edir. Məsələnin bu tərəfinin sübutu geniş və dərin yanaşma tələb edir. Onun üzərində dayanmaq imkanı yoxdur. Lakin əsas sual bu məqalədə belədir: Lulli kriptolayihəsinin dövlət dilinə nə aidiyyəti var?
Bu günlərdə belə bir eksperiment aparmışıq. Süni intellektə tarixi yaddaşla bağlı sual verilmişdir. Onun cavabının məzmunu belədir: Avropada tarixi yaddaş Lullinin təlimi əsasında məzmunlaşmışdır. Hətta süni intellektin idraki funksiyalarının ilkin primitiv variantı kimi Lullinin müddəalarını götürmək olar! Buradan dövlətçilik və dövlət dili məsələsinə məntiqi keçid etmək maraqlıdır.
Cəmiyyət dil məkanı kimi
Sizcə, Aristoteldən Lullliyə hər hansı intellektual və məntiqi bir “yol” vardırmı? Aristotel deyir ki, dövləti ünsiyyət yaradır, Lulli iddia edir ki, hər hansı həqiqət xristian dinindən qaynaqlanır və indi Qərb cəmiyyətlərinin tarixi yaddaşı bu təməl tezis üzərində formalaşmışdır. Bu iki tezisi dil məkanında sintez edək.
Belə alınır ki, dövlətin mövcudluğunda həqiqətlərin ifadəsi prinsipial rol oynayır, həqiqətlər isə xristian dinindədir. Onda həqiqətlərin hansı dildə necə ifadə edilməsinin, ümumilikdə, fərdi və kollektiv səviyyədə toplum üçün prinsipial əhəmiyyəti vardır. O cümlədən təhsildə əldə edilən biliklər tarixi yaddaşın məzmununa ciddi təsir edir. Onda təhsil də dolayısı ilə xristian dini və Avropa dillərindən birinin fəaliyyət məkanında formalaşan özəl bir struktur-funksional vahiddir. Bu mənada, elmlə təhsilin inteqrasiyası xüsusi layihə təsiri bağışlayır.
Lullidən sonrakı əsrlərdə yaşayıb-yaratmış Qərb mütəfəkkirləri həmin tezisi çox fərqli formalarda, lakin mahiyyətcə fərqlənməyən məzmunda əsərlərində təqdim etmişlər. İndi hətta robotların ingiliscə danışması təsadüfi deyildir. İndi “ingiliscə yaradılmış” süni intellekt belə Lullini tanıyır, ona “yaddaş əcdadı” kimi baxır. Məhz bu məqamda “yaponca danışan” robotla, “çin dilində danışan robotun” ruhu “ingilis robotdan” fərqlənir.
Bundan daha əsas olanı indi bütün dünyanın sanki özündən asılı olmayaraq, ingilis dilində danışmasıdır. Heç bir ciddi elmi konsepsiyada ingilis dilinin dünya ünsiyyət dili olmadığı əsalandırılmır. Əksinə, hamı ona tərəf “qaçır” və bunu təbii sayır! Heç kəs şübhə etmir ki, müasir mərhələdə hər bir cəmiyyəti onun dili yaradır. Hansı dildə düşünür, yazır, oxuyur və danışırsa, insan kimliyi odur! Qan mənsubluğu arxa plana keçmişdir. Mədəniyyət və dil ön plana çıxmışdır. Düşünək: “XXI əsr elm yüzilidir” tezisi bütün bunların fonunda nələri ifadə edir?
Əslində, çox şeyləri ifadə edir. Onların sırasında da bəzilərinin arqument kimi ortaya atdıqları iki tezisin təhdidi xüsusi yer tutur: “filan xalqın mədəniyyəti və dili böyükdür, ona görə də o dildə danışmaq inkişafdır” və ya “hansı dildə istəyirsən danış, onun dövlətçiliyə və milliliyə nə aidiyyəti var, hətta yad dil də olsa, o dildə təhsil daha faydalıdır”... İlk baxışdan “mədəniyyət”, “sivilllik” kimi görünən bu mövqe faktiki olaraq istənilən cəmiyyətin öznəməxsusluğunu və deməli, dövlətçiliyini və mədəniyyət məkanını məhv etməyə istiqamətlənmişdir! Bu tezisi deyənin onu anlayıb-anlamamasının məsələyə dəxli yoxdur!
Dövlət dili və millilik
Yuxarıdakı fəlsəfi xarakterli əsas tezislərə vahid məntiqi bucaq altında baxmağa çalışaq. Birincisi, dövlət dili cəmiyyətin əsas ünsiyyət dili olması səbəbindən hüquqi funksiyalarla yanaşı, toplumu bütövləşdirən, inteqrasiya edən əsas kommunikativ faktor rolu oynamağa məhkumdur. Bu da onu göstərir ki, dövlət dili faktiki olaraq müəyyən tarixi dönəmdə toplumun mövcudluğunun ünsiyyət məkanını və onun sərhədlərini müəyyən edir. Dilin necədirsə, kollektiv həyatının sərhədləri ona uyğun formalaşır. Əgər məntiqi düşüncəyə imkan verən sözlər çoxluq təşkil edirsə, toplum rasional düşüncə məkanında mövcud olacaqdır. Əsasən “söyüş, qarğış və primitiv məişəti” ifadə edən sözlər çox olacaqsa, o cəmiyyətdə real inkişaf, elmilik, sivillik çətin ki, aparıcı olsun (xatırlayaq – bir sıra imperiyaların rəsmi sənədlərində “türk gənclərə söyüş dilində danışmağı öyrədin” təlimatı olmuşdur). “Oğru” dilində danışan cəmiyyətdə dövlətin hüququ çətin ki, işləsin və s.
Belə alınır ki, “millilik” dil və onun linqvistik özəllikləri ilə sıx bağlıdır (“dil xalqın qəlbinin aynasıdır” – Humbolt). O cümlədən, dil konkret dövlət və cəmiyyətin bütövlüyünün məzmununu təşkil edir. Bu o deməkdir ki, hansı dilin əsas ünsiyyət vasitəsi olması xeyli dərəcədə cəmiyyətin kimliyini müəyyən edir. Yəni kiminsə istədiyi dildə danışaraq, dövlətin müstəqilliyinə və cəmiyyətin bütövlüyünə xidmət edəcəyini düşünməsi yarımçıq həqiqətdir. Burada o qədər şərtlər meydana çıxır ki, bu iddianın düzgünlüyünü müəyyən etmək belə problemli olur. Bir tərəfdən, insan haqları kimi qaydalar, digər tərəfdən, insanın şəxsi taleyi və üçüncü tərəfdən isə fərdin mənsub olduğu toplumun Aristotel mənasında bütövlüyünü təmin etməsi zərurəti. Və bütün bunları tənzimləyən ümumi mexanizm olmaldır. Buradan hər bir cəmiyyətin özəl tarixi-mədəni və dövlətçilik ənənəsinin olması məsələsi prizmasında dil faktoruna baxmaq ehtiyacını görmək olar.
Dövlətin və cəmiyyətin bütövlüyü
I məqalədə dünya təcrübəsindən gətirilən nümunələr, Aristotel, Lulli yanaşmalarının yekun halında məntiqi müqayisəsi göstərir ki, hər bir xalqın və dövlətin özünün bütövlüyünü təmin etmək ənənəsi mövcuddur. Məsələn, Vyetnam təcrübəsi Azərbaycan üçün qətiyyən keçərli deyildir. Və ya inkaların təcrübəsinin Azərbaycana aidiyyəti yoxdur. Eyni məntiqlə Avropa və ya Amerika təcrübəsi bizim üçün aksiom kimi qəbil edilən faktor ola bilməz. Bəli, dövlət və dil məsələsində Azərbaycanın öz tarixi və ənənəsi mövcuddur. İndi dil və müstəqilliklə bağlı müşahidə edilən müzakirələrin (hətta dartışmaların və müəyyən mənada didişmələrin) başlıca səbəbi bu özəlliklə bağlıdır.
Azərbaycanlılar dövlətin və cəmiyyətin bütövlüyünə ənənəvi olaraq çox həssaslıqla yanaşmışlar. Bu yanaşmanı fərqləndirən əsas xüsusiyyət azərbaycanlı psixologiyası və şüurunda ənənədən gələn kollektviçiliyin özəl təsəvvürləri həlledici rol oynamışdır. Bu keyfiyyətin təməlində azərbaycanlıların kollektiv olaraq özünütəşkilinin xüsusi qanun (həm də hüquq mənasında işlədilir) üzrə baş verməsidir. Bu qanun azərbaycanlının iliyinə qədər o dərəcədə möhkəm oturuşmuşdur ki, dəyişməz koda çevrilmişdir. Onu dəyişmək mümkün deyildir.
Məhv etmək də imkansızdır, çünki toplumun özünü təşkilinin Yosun Qanunu bunu sığortalayır. Hər nə etsələr də, zaman-zaman azərbaycanlı ruhu, mədəniyyəti, mənəviyyatı və əxlaqı dağıdıcılıq təsirlərinə qarşı ciddi təpki verəcəkdir və Yosun Qanununun kimliyimizə oturuşdurduğu özünüyaratmaq fəlsəfəsi hər zaman qalib gələcəkdir. İndi dövlət dili ilə bağlı gedən müzakirələrin kontekstində məsələnin bu tərəfi üzərində dayanaq. Həmin prizmada, o cümlədən ölkəmizdə Azərbaycan dilinin dövlət dili kimi funksiyası ilə onun rəsmi dil kimi funksiyasını müqayisə edə biləcəyik.
Ayrıca, cəmiyyətimizdə nəyə görə Azərbaycan dilindən başqa, heç bir dilin, o cümlədən, rus, ingilis və ya fars dillərinin birləşdirici, cəmiyyətin bütövlüyünü təminedici funksiya yerinə yetirə bilməyəcəyini əsaslandırmaq imkanı yaranacaqdır. Cəmiyyəti birləşdirə bilməyən dilin isə üstün olması qətiyyən yolverilməzdir. Xüsusi ilə Azərbaycanda bu, keçərli ola bilməz.
Bunların fonunda bir sıra real milli mövqeli vətənpərvərlərin keçirdikləri dil narahatlığı anlaşılandır, lakin Azərbaycan dili elə özyetərli, özünüyaradan dildir ki, onun mövcudluğuna və funksiyasına ciddi təhlükələr yoxdur, olması da gözlənilmir. Hətta sovetlərin ən möhkəm dönəmində Heydər Əliyev Azərbaycan dilini dövlət dili statusuna yüksəltmişdi. Lakin bu, arxayınlaşmağa əsas vermir. Azərbaycan dilinin dövlət dili kimi inkişafını zəiflətməyə qətiyyən yol vermək olmaz. Bu isə artıq dil siyasəti ilə bağlı olan məsələdir.
Bu prizmada öncə Azərbaycan dilinin sinharmoniya qrupuna daxil olan dil kimi özəlliklərinə baxaq. Doğrudan da, Azərbaycan dilinin adi harmoniyalığı deyil, sinharmoniya olması nə deməkdir? Burada “sin” sözönü kimi nəyi ifadə edir? Onun əlamətləri və ümumi xüsusiyyətləri nələrdir? Biz dilimizin yaranma, işləmə və inkişafetmə fəlsəfəsini yaratmışıqmı?
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru