Zelenski təkcə "Ağ ev"dənmi qovuldu? - TƏHLİL

1 Mart 2025 12:09 (UTC+04:00)

İnsafən, ABŞ prezidenti Donald Tramp Ukrayna ilə danışıqların havasını yumşaltmaq üçün açıq jestlər etmişdi. O, bir neçə gün öncə “diktator” adlandırdığı Volodimir Zelenski barədə dediklərini açıq siyasətdə o qədər də təəccüblü olmayan, amma bənzərinə tez-tez də rast gəlinməyən bir jestlə arxa plana itələmişdi. Trampın özü və administrasiyasının önəmli fiqurları Ukrayna prezidentini bəzən kəskin tənqid etmiş, bəzən də diplomatik qaydalar çərçivəsində “ağıllı olmağa” çağırmışdılar. Elə bu üzdən də Ukrayna prezidenti Ağ evə Co Bayden dönəmindən fərqli olaraq “Dear Volodimir” və ya “indulgent Zelenski” kimi daxil ola bilməyəcəyini bilməli idi. Lakin o, Tramp administrasiyasının istinad etdiyi oturuşmuş siyasət və ədəb qaydalarına məhəl qoymadığını nümayiş etdirməyə üstünlük verdi və lütf edib Ağ evin önündə onu gözləyən Donald Trampın qarşısına qeyri-rəsmi libasda çıxdı. Bu, Tramp tərəfindən müsafirin “gəmidə oturub, gəmiçi ilə dava etməyə” gəldiyinə ilk işarə kimi yozuldu və o, obrazlı ifadə etsək, “yenə altdan geyinib, üstdən qıfıllanmısan” deyərək Zelenskini diplomatik dillə məzəmmət etdi.

Oval ofisdə ilk baxışda Volodmir Zelenski təmkinli idi, nəzakəti əldən verməməyə, Tramp və Venslə “pozitiv dialoq” qurmağa meyilli görsənirdi. Lakin bu görünüş Zelenskinin siyasi məharətinin və üslubunun yox, aktyorluq təcrübəsinin təzahürü idi. Zelenksi sırf şoumen hissiyatı və intuisiyası ilə həm publikaya oynadı, həm də ABŞ-dakı və dünyadakı anti-Tramp düşərgənin alqışını qazanmağa çalışdı. Bu cəhd Konqresdə, Avropa Birliyində və digər təmtəraqlı siyasət məkanlarındakı aplodisment qədər şövq yaratmadı. Hətta müqayisə uğursuz yox, son dərəcə uğursuz olmasına baxmayaraq, ona ünvanlanan “bravo”lar vaxtilə ABŞ-a qarşı savaşda Səddam Hüseynin əldə etdiyi irrasional çəpiklərə bənzəyir. Tramp Ağ evdə 4 il otura biləcəkmi? Sual artıq müzakirə olunmağa başlayıb və Donald güllə qulağının dibindən keçərkən olduğu qədər həmişə şanslı olmaya bilər. Bəs, ABŞ-ın hərtərəfli maddi dəstəyi olmadan (bura hərbi təyinatlı mallar da daxildir) Ukrayna Rusiya qarşısında 4 il duruş gətirə bilərmi? Bu da ən optimist analitikləri, ən yaxşı halda, “bəlkə” ilə başlayan cümlələr qurmağa sövq edir. Siyasət, xüsusən də geopolitika amansızdır- “bəlkə”ləri nə əkir, nə də biçir.

ABŞ prezidenti Tramp zamanı qabaqlamaq istəyir, çünki fövtə verilmiş zamanın onun ölkəsinin əleyhinə işlədiyinə əmindir. ABŞ-ın timsalında dünya lideri olan bir dövlət cari və strateji siyasətində uzunmüddətli tendensiyaları nəzərə almalıdır. Bu, ilk növbədə texnoloji inqilablar və Süni İntellektin yeni modellərinin ortaya çıxması ilə dünyanı gözləyən köklü dəyişikliklərdir. ABŞ məhz bu dəyişikliklərə köklənərək Çin, Rusiya və qarşısında o qədər dayanıqlı olmayan İrana geosiyası rəqabətdə qalib gələ bilər. Rusiya-Ukrayna savaşı bu baxımdan Avrasiyada ABŞ-ın işinə yarayır, Kreml dünyaya təsirini itirir, lakin Asiyadakı Çin vəziyyətdən maksimum istifadə edərək qlobal iqtisadi liderliyə yüksəlir. Odur ki, Tramp Ukraynanı Rusiyanın balansına verməməklə sözügedən ərazini bufer zona kimi saxlamağa çalışır. 4 aprel 2023-cü ildə Fİnlandiya, 7 mart 2024-cü ildə isə, İsveç NATO-ya qoşulub. Bu genişlənmə, xüsusilə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra, Baltik regionunda təhlükəsizliyin gücləndirilməsi məqsədini daşıyır. Baltik regionunda təhlükəsizliyini təmin etmiş Qərb üçün Ukrayna ərazisinin bir növ neytral zona kimi istifadə olunması Rusiyanın da strateji maraqlarına uyğun görünür. Elə bu səbəbdən də Tramp Rusiya prezidenti Vladimir Putinlə anlaşacağına inanır və “mən atəşkəs istəyirəm, çünki atəşkəsi razılaşmadan daha tez əldə edirsən” deyə prosesi öz nəzarətinə almağa çalışır. Bax, elə bu məqamda Volodimir “zəmanət” tələbi ilə ABŞ-ı və Trampı manipulyasiya etməyə cəhd göstərir və diplomatiya tarixində görünməmiş ölçüdə ağır danlaqdan sonra Ağ evdən faktiki olaraq qovulur.

İki dövlət başçısının danışıqlarında və mətbuat konfransında əsas çıxış haqqı liderlərə aiddir, protokol və diplomatik etika da tərəflərdən birinin nümayəndəsinin- aşağı ranqlı fiqurunun digər dövlətin başçısına qəbul və qəbulla bağlı tədbirlərdə söz atışmasına çıxmasını məqbul saymır. Ancaq ABŞ vitse-prezidenti Vens Tramp və Zelenskinin “debat”ına fəal müdaxilə etdi və heç şübhəsiz, bu, öncədən razılaşdırılmışdı. Daha dəqiqi, ABŞ lideri öz yardımçısına təxminən “qonağımız tərbiyəsizlik edərsə, ağzının payını ver” deyə xüsusi tapşırıq vermişdi. Siyasi şou təşkil etməkdə heç də az aşın duzu olmayan Tramp üçün tamaşa istədiyi kimi keçdi. Epiloq əvəzinə Zelenskiyə “get, hazır olanda gələrsən” deyə son mesaj verildi.

Zelenski bir də Ağ evə qayıda biləcəkmi? Əgər məsələyə ABŞ-ın xarici siyasət prioritetlərində baxsaq, Amerika, Avropa və bütün dünyanın Ukrayna savaşından yorulduğunu, ziyan çəkdiyini nəzərə alsaq, Zelenskinin okeanın o tayına uçması o qədər də real görünmür. Bir lider olaraq, daha doğrusu, bir lider olmayaraq Zelenskinin şəxsi diplomatik üslubu və ABŞ administrasiyası ilə münasibətləri də bu suala müsbət cavab verməyi çətinləşdirir. Trampın istənilən məsələyə yanaşması daha çox praqmatik və nəticəyönümlü olduğundan Zelenskinin Ağ evə bir də qayıda bilməsi üçün konkret nəticələr təqdim etməsi gərəkdir. Üç il ərzində verilən böyük maddi dəstəyin qarşısında belə bir nəticə yarada bilməyən Zelenskinin üç həftə içərisində Trampı fakt qarşısında qoyması inandırıcı deyil. Odur ki, Zelenksi həm öz ölkəsində, həm də ABŞ-da daxili siyasi kontekstdən bəhrələnməyə çalışa bilər. Ukraynada bu məsələni tarazlamaq üçün o, “ABŞ vətənimizi qurban verir, müqavimət göstərək” deyə ictimai rəy formalaşdırmağa təşəbbüs göstərəcək. Bir qədər ABŞ-ın Respublikaçılar Partiyası daxilində Rusiya və Ukrayna ilə bağlı müxtəlif mövqelərin mövcudluğundan da faydalanmaq mümkündür. Ancaq Trampın "Öncə Amerika” lozunqu qarşısında Zelenski artıq faicəvi fiqur kimi görsənir. Avropa ölkələrinin üzləşdiyi enerji problemi, xüsusilə Trampın bu qitənin liderlərinin də hülqumundan yapışması qarşısında Ukrayna xarici siyasət idarəsinin ABŞ-dan azalan dəstəyi beynəlxalq koalisiyalar formalaşdırmaqla kompensasiya etməsi az inandırıcıdır. Zelenski Ağ evi tərk etdikdən sonra ona verilən ürək-dirək suya yazılmış sözlərdən başqa bir şey deyil. Hər gün minlərlə insanın yaralandığı, öldüyü, itkin və qaçqın düşdüyü Ukrayna barədə boğazdan yuxarı nitqlər söyləməyə nə var ki?!.

ABŞ prezidenti Donald Tramp xüsusi vurğulayır ki, sələflərindən fərqli olaraq, Kremldə ona hörmət edirlər. Ancaq bu qədər qanlı savaş xatir-hörmət sayəsində sonlana bilməz. İndiki məqamda bir məsələdə ABŞ və Rusiyanın mövqeyi üst-üstə düşmüş kimi görünür- hər iki tərəf Zelenskisiz Ukrayna arzulayır. Böyük ehtimalla, ABŞ, Britaniya və Rusiyanın üzərində anlaşdığı, Avropa Birliyindən və Türkiyədən də dəstək alacaq bir fiqurun Ukraynada hakimiyyəti gətirilməsi planı işə düşəcək. Zira, yeni seçkilər üçün Ukraynada savaşın dayanmasına ehtiyac var. Ehtimalımıza görə, Ukraynada beynəlxalq müşahidə altında seçkilərin keçirilməsi üzümüzə gələn həftədən başlayaraq dünya siyasətinin əsas gündəm məsələsi olacaq. Rusiya seçkilərin keçirilməsi üçün atəşi birtərəfli qaydada dayandıra, Britaniya isə, Ukraynanın bu vəziyyətdən istifadə edərək əks-hücum əməliyyatlarına başlamaması üçün qarant dura bilər. Proses ABŞ-ın nəzarətində, Almaniya və Fransanın “sülhsevər” mesajlarının müşayiəti ilə aparılacaq. Seçkilərdə iştirak etməməyə qərar verən Zelenskiyə isə, baş ofisi mərkəzi Avropa ölkələrinin birində yerləşən beynəlxalq təşkilatlarda yüksək vəzifə verilə, hətta geyim sərbəstliyi də tanına bilər. Necə deyərlər, dünya köhnə dünyadır, geyimləri təzədir! Geyimlər təzə olsa da, köhnə dünyanın bir köhnə qaydası var: adamı libasına görə qarşılayıb, ağlına görə yola salırlar. Elə hakimiyyətdən də! Bəzən bunun üçün seçkiyə də ehtiyac duymazlar.

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının Baş redaktoru