İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) 2025-2028-ci illər üçün inkişaf strategiyası çərçivəsində kapitalın biznesə geri qayıtmasını və reinvestisiyaları təşviq edən vergi siyasəti alətlərinin tətbiqini prioritet hesab edir.
Bunu DVX-nin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov bu gün Bakıda III dəfə keçirilən “Vergi və Mühasibatlıq Zirvəsi”ndə deyib.
Onun sözlərinə görə, sahibkarlığın inkişafını və biznesin genişlənməsini dəstəkləyən vergi siyasəti alətləri tətbiq olunmalıdır: “Təşviq siyasəti ölkə iqtisadiyyatına investisiya qoyuluşunu stimullaşdırmalıdır”.
N. İmanov qeyd edib ki, iqtisadi inkişafa töhfə verən güclü vergi sisteminin formalaşması üçün insan kapitalının inkişafı da vacibdir: “Biz dürüstlük, peşəkarlıq, təşəbbüskarlıq və innovativlik prinsiplərini əsas götürürük. Komandamızın peşəkar bacarıqlarını və səriştələrini artırmaq üçün davamlı işlər aparırıq”.
O bildirib ki, vergi ödəyiciləri üçün şəffaf fəaliyyət iqtisadi baxımdan səmərəli olmalı, eyni zamanda, vergidən yayınmanın qarşısını alan effektiv inzibatçılıq alətləri mövcud olmalıdır:
“Elə bir mühit yaratmaq istəyirik ki, vergi yükü və ödəniş prosesləri şəffaf və asan olsun. Digər tərəfdən, vergidən yayınma ciddi hüquqi məsuliyyət doğurmalıdır – istər inzibati, istərsə də cinayət məsuliyyəti baxımından”.
N. İmanov vurğulayıb ki, sahibkarlığı təşviq edən vergi siyasəti, effektiv vergi nəzarəti və asan ödəniş mexanizmləri könüllü əməletmə səviyyəsini artırır: “Bunu əldə olunan nəticələr də təsdiqləyir. Ötən ilin yekunlarına əsasən, bütün vergi daxilolmalarının 93 %-i məhz vergi ödəyiciləri tərəfindən könüllü şəkildə dövlət büdcəsinə ödənilib”.
DVX-nin əsas hədəfinin insan mərkəzli və innovativ xidmətlər vasitəsilə könüllü əməletməni sadə və əlçatan etmək olduğunu vurğulayan N. İmanov, qurumun bu istiqamətdə etibarlı tərəfdaş kimi fəaliyyətini davam etdirəcəyini bildirib.