Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Vens ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında fevralın 28-də gərgin atmosferdə keçən görüş dünya gündəmindədir. Bir çox məqamlarda etika qaydalarının, diplomatik prinsiplərin kobud şəkildə pozulduğu görüşə dair fərqli fikirlər səslənir. Ukrayna prezidentinin Oval saraya sanki dava-dalaş üçün çağırıldığı, bunun fonunda Zelenskinin ritorikası da diqqətdən yayınmayıb.
Trampın və vitse-prezidentin Zelenskiyə qarşı kəskin mövqe sərgiləməsinə səbəb nə idi? Yoxsa, bu sadəcə bir ssenari idi?
Milli Məclisin deputatı, ATƏT PA-nın komitə sədri Azay Quliyev Teleqraf-a açıqlamasında bildirib ki, baş verən qalmaqal müasir dünyamızda görünməmiş hadisədir.
“Bu, indiyə kimi presedenti olmayan və rəsmi protokol qaydalarına zidd bir hadisə idi. Bunun səhnələşdirilmiş olması haqqında deyilənləri o qədər əsaslı hesab etmirəm, çünki Trampla Zelenski arasındakı münasibətlər artıq görüşə qədər xeyli gərgin idi. Trampın Zelenskini diktator adlandırması və istefa verməyə çağırmasını xatırlatmaq kifayətdir.
Əslində görüş zamanı iki tərəfin mövqe savaşının şahidi olduq. Bir tərəfdə diktə edən, istəklərini və iqtisadi maraqlarını zorla qəbul etdirmək istəyən güclü Tramp, digər tərəfdə ölkəsini qorumağa çalışan və köməyə ehtiyacı olan zəif Zelenski var idi. Lakin ABŞ Adminstrasiyası, xüsusilə Tramp bir məsələni mütləq nəzərə almalı idi ki, görüşdüyü şəxs ərazisi Rusiya tərəfindən işğala məruz qalmış ölkənin prezidentidir. Zelenskinin məsələlərə həssas, emosional, bəlkə də qeyri-diplomatik yanaşması onun məruz qaldığı təcavüz faktı ilə bağlıdır. Çünki onun ölkəsinə hücum edilib, ərazisi işğal edilib, əhalisi qırılıb. Bu fakt ABŞ prezidenti tərəfindən, yəni beynəlxalq hüququn qayğısına qalmalı olan ölkə tərəfindən qətiyyən nəzərə alınmadı. O başqa məsələ ki Tramp hazırda artıq, defakto mövcud olmayan, işləkliyini itirmiş köhnə dünya düzənini, beynəlxaq hüququn norma və qaydalarını yıxmaqla, tamamilə sıradan çıxartmaqla məşğuldur. Yenisini isə ABŞ, Çin və Rusiya ilə birlikdə dünyanı yenidən bölüşdürməklə qurmaq istəyir. Lakin buna baxmayaraq, ev sahibi kimi Amerika prezidenti öz qonağını fərqli qaydada qarşılamalı, onun etinasızlığa və aşağılanmaya məruz qalmasına yol verməməli idi”, - o qeyd edib.
Zelenskinin Ağ Evdən nə istədiyinə gəlincə, deputat burada iki məsələnin olduğunu vurğulayıb:
“Rusiya-Ukrayna müharibəsində atəşkəsə nail olunması zamanı Ukraynanın təhlükəsizliyinə zəmanət verilməli, atəşkəsin pozulmaması üçün konkret mexanizmlər işlənib hazırlanmalıdır. Bunun müqabilində “sənin ölkən bərbad vəziyyətdədir, şərt qoymağa haqqın, imkanın yoxdur, biz olmasaq Ukrayna məhv olub gedər” kimi fikirlər Amerika adına böyük nöqsan, biabırçılıq oldu. Dediyim kimi, ABŞ özünü beynəlxalq hüququn, dünya nizamının, təhlükəsizliyin əsas qarantoru hesab edir. Bu belədirsə, ən azından işğala məruz qalmış ölkənin hüquqlarının qorunması, müdafiəsi onun qlobal borcudur. Belə iddiada, gücdə olan ölkə başqa cür hərəkət etməli deyil. “Sənin minerallarını, təbii ehtiyatlarını alım, mənimsəyim, istismar edim, bunun qarşılığında dəstək verim” yanaşması beynəlxalq təcrübədə bu qədər açıq xarakter alan misli görünməmiş bazarlıq hadisəsidir. Ancaq fikrimcə, görüşdə söhbət maddi, iqtisadi maraqlardan yox, dəyərlərdən, prinsiplərdən, beynəlxalq hüquqdan getməli idi”.