DİN: İlin əvvəlindən Azərbaycanda qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb

4 Mart 2025 17:11 (UTC+04:00)

Bu ilin yanvar-fevral ayları ərzində ölkə ərazisində qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının Bakı şəhərində həyata keçirdikləri tədbirlər nəticəsində Azərbaycanda olma, yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçıran və qeydiyyat qaydalarına əməl etməyən 59 əcnəbi ölkə vətəndaşı saxlanılıb.

Həmçinin, ötən il keçirilən COP29 tədbirləri çərçivəsində Bakı şəhərinə gələn, amma ölkə ərazisindən çıxışları qeydə alınmayan müxtəlif xarici ölkələrin 13 vətəndaşının da yeri müəyyən edilərək barələrində qanunauyğun tədbir görülüb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati xəta protokolu tərtib olunub və aidiyyəti üzrə təhvil veriliblər.

Qeyd edək ki, saxlanılanlar arasında Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə barəsində axtarışı elan edilən əcnəbi vətəndaş da olub.

AzNews.az