“Hazırda Rusiya ilə danışıqlar məsələsində Ukraynanın mövqeyi ciddi şəkildə dəyişməyib. Prezident Zelenski dəfələrlə bəyan edib ki, Ukrayna üçün əsas prioritetlər ərazi bütövlüyü, suverenlik və müstəqillikdir. Digər tərəfdən, Rusiya tamam fərqli mövqedə dayanır, işğal etdiyi əraziləri öz ərazisi hesab edir və bunun həm Ukrayna, həm də dünya ictimaiyyəti tərəfindən qəbul edilməsini tələb edir. Bundan əlavə, Moskva Ukraynanın müstəqilliyini məhdudlaşdırmaq istəyir və bu məsələdə də tərəflər arasında ciddi fikir ayrılıqları mövcuddur”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Mətin Məmmədli deyib.
Xatırladaq ki, son günlər mediada yayılan məlumatlara görə, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqlar masasına oturmağa hazırdır. Rusiyanın mövcud tələbləri qarşılığında Ukraynanın bu cür addım atması Zelenskinin Putinin şərtlərini qəbul etməsi, məğlub formada sülh danışıqlarına gedəcəyinə dair fikirlər səsləndirilir.
Siyasi şərhçi qeyd edib ki, ABŞ münaqişənin həlli üçün xüsusi səylər göstərir.
“Tramp administrasiyasının müharibənin dayandırılması ilə bağlı özünəməxsus yanaşması var və bu mövzuda son vaxtlar hətta Ukrayna rəhbərliyi ilə kəskin polemika yaşanıb. Bununla belə, Birləşmiş Ştatlar Ukraynaya dəstəyini davam etdirir və müharibə fonunda Kiyevin Vaşinqtona olan asılılığı kifayət qədər yüksəkdir. Zelenski bildirib ki, ABŞ-ın vasitəçiliyi ilə danışıqlara və sülh prosesinə hazırdır. Lakin, hətta Ukrayna və Rusiya arasında danışıqlar başlasa belə, prosesin tamamilə bir tərəfin lehinə həll olunacağını gözləmək real deyil. Masada müəyyən kompromislər olacaq və tərəflər arasında müəyyən uzlaşma tapıla bilər. Bununla belə, indiki şəraitdə müharibənin tamamilə bitəcəyini və tərəflərin dayanıqlı sülhə nail olacağını düşünmürəm. Ən yaxşı halda hərbi əməliyyatlar müvəqqəti dayandırıla bilər və problemlərin həlli üçün yeni diplomatik danışıqlar başlaya bilər”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az