“Avropa ölkələri hazırda Ukraynanın gələcək taleyini qorumaqdan daha çox, qoca qitənin təhlükəsizliyini təmin etməyə çalışırlar. Yəni təhlükəsizlik sistemini ABŞ-dan asılı olmadan qurmağın yollarını axtarırlar. Avropa siyasi dairələri artıq anlayırlar ki, ABŞ Avropanın təhlükəsizliyi üçün əlavə maliyyə xərcləmək niyyətində deyil. Əgər Avropa İttifaqı ölkələri öz təhlükəsizlik maraqlarını qorumaq istəyirlərsə, hərbi büdcələrini maksimum səviyyədə artırmaq məcburiyyətindədirlər. İlkin hesablamalara görə, ÜDM-in təxminən 3 faizinin hərbi xərclərə ayrılması Avropa qitəsinin təhlükəsizliyi üçün yetərli ola bilər. Lakin burada vaxt amili mühüm rol oynayır. Ordunun hərbi texnika ilə təmin edilməsi, canlı qüvvənin təlim səviyyəsinin yeni situasiyaya uyğunlaşdırılması və ABŞ-ın təhlükəsizlik çətirindən kənarda müstəqil müdafiə sisteminin formalaşdırılması ciddi zaman tələb edir. Bu prosesin 5-10 il davam edəcəyi proqnozlaşdırılır”
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Xatırladaq ki, Böyük Britaniyanın paytaxtı Londonda keçirilən Ukrayna üzrə Avropa sammiti maraqlı anlarla yadda qaldı. Sammitin “Gələcək təhlükəsizliyimiz üçün” şüarı altında baş tutması isə xüsusi diqqət çəkdi. Artıq Avropa ölkələrinin təhlükəsizliyin təminatı məsələsində ABŞ-a əvvəlki kimi güvənməyəcəyi, özlərinin müdafiəni təşkil etməyə çalışacaqları bildirilir. O baxımdan Avropa liderlərinin Londonda Ukraynaya dəstək açıqlamaları təqdir edilsə də, bunun Vaşinqtonla Kiyev arasında gərginliyi azaltmaq məqsədi ilə edildiyinə dair iddialar var.
Siyasi şərhçi qeyd edib ki, bu səbəbdən Avropa İttifaqı ölkələri üçün zaman qazanmaq olduqca vacibdir.
“Bu zamanın əldə edilməsi isə Ukrayna savaşının bir müddət daha uzadılması və Rusiyanın zəiflədilməsi ilə mümkün ola bilər. Çünki Avropanın əsas qorxusu, Rusiyanın savaşdan çıxaraq yenidən güclənməsi və hərbi potensialını artıraraq Avropanı təhdid etməsidir. Belə bir şəraitdə Avropa ölkələrinin Ukraynaya dəstək verməkdən başqa çıxış yolu qalmır. Əgər Ukrayna təslim olarsa, Avropa ilə Rusiya arasında hərbi qarşıdurmanın önü açılmış olacaq. Digər tərəfdən, ABŞ artıq Avropaya əvvəlki səviyyədə dəstək vermək istəmir. Əksinə, Vaşinqton Kremlin Avropanı təhdid etməsində maraqlıdır. Çünki bu, ABŞ-ın iqtisadi və ticari maraqlarına xidmət edir. ABŞ istəyir ki, Avropa İttifaqı ölkələri Rusiya təhlükəsi qarşısında qalaraq Vaşinqtonun iqtisadi maraqlarına uyğun siyasət aparsınlar. Xüsusilə də Avropa ölkələrinin ABŞ-dan enerji resursları idxalını artırmadığı təqdirdə, Ağ Ev onlara xüsusi gömrük rüsumları tətbiq edəcəyini açıq şəkildə bəyan edib. Bütün bunlar göstərir ki, ABŞ böyük bir siyasi və iqtisadi oyun oynayır. Bu oyunda təkcə Ukrayna qurban verilmir. ABŞ, Ukraynanın fəlakətindən istifadə edərək Rusiyadan bir vasitə kimi yararlanır və Avropa İttifaqını ABŞ-dan asılı vəziyyətə salmaq planı üzərində hərəkət edir. Belə görünür ki, qarşıdakı dövrdə Avropa İttifaqında gərginlik və daxili siyasi qarşıdurma daha da artacaq”.
Siyasi şərhçi daha sonra bildirib:
“Əgər Avropa ölkələri təhlükəsizliklərini gücləndirmək istəyirlərsə, hərbi xərcləri artırmaq məcburiyyətindədirlər. Bu isə onilliklər boyu yüksək sosial rifah səviyyəsində yaşayan avropalılar üçün ciddi iqtisadi çətinliklər yaradacaq. Sosial təminata ayrılan vəsaitlərin azaldılması daxili narazılıqlara və siyasi böhranlara yol aça bilər. Məhz buna görə də Londonda Avropa liderlərinin Ukraynaya dəstək ifadə etməsi gözlənilməz deyil. Hazırda Ukrayna Avropa İttifaqı üçün olduqca böyük əhəmiyyət daşıyır. Bu savaşın dayandırılması Avropa üçün ciddi təhlükələr yarada bilər. Bu səbəbdən münaqişənin uzadılması üçün müəyyən cəhdlər edilir. Ən əsas məqsəd isə Tramp-Putin sövdələşməsinin pozulmasına yönəlmiş addımlar atmaqdır. Avropa İttifaqının rəhbərliyi hesab edir ki, qoca qitə ölkələrinin iştirakı olmadan Ukrayna savaşının dayandırılması və sülh prosesinin inkişaf etdirilməsi yolverilməzdir. Onların fikrincə, Avropa da bu prosesdə əsas tərəflərdən biri olmalıdır. Buna görə də Avropa ölkələri Trampın Putinlə birgə hazırladığı planı bloklamağa çalışırlar. Lakin Avropa İttifaqı daxilində də müəyyən tərəddüdlər var. Zelenski hakimiyyətinə mesaj verilir ki, Tramp administrasiyası ilə münasibətləri yenidən bərpa etmək lazımdır. Çünki Avropa, mövcud vəziyyətdə ABŞ-la açıq qarşıdurmaya getmək istəmir və Vaşinqtonun qəzəbini tam şəkildə üzərinə çəkməkdən çəkinir. Bu səbəbdən müəyyən mərhələlərlə bu məsələləri həll etməyə çalışırlar. Yekun olaraq, Avropanın gələcək taleyi məhz Ukraynada gedən proseslərdən asılıdır. Avropa ya ABŞ-dan asılılığını azaltmaq üçün real addımlar atmalı, ya da Ağ Ev tərəfindən idarə olunan və iqtisadi resurslarını Vaşinqtona yönəltməyə məcbur qalan bir quruma çevrilməlidir. Beləliklə, Avropa ölkələri Ukraynaya dəstək verməklə, əslində, öz gələcək talelərini xilas etməyə çalışırlar”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az