Aprel ayının 2-də 70 yaşı olacaq tanınmış siyasi xadim, AMİP-in qurucusu və fəxri lideri Etibar Məmmədov Modern.az saytına geniş müsahibə verib.
Müsahibədən bir hissəni oxucularımıza təqdim edirik:
- Torpaqlarımızın 20 faizi 30 il işğal altında qaldı. Ukrayna kimi ölkənin də 20 faiz torpağı hazırda işğal olunub. Sadə insanların, Ukraynanın başına gələnlərə şahidik. Sual çıxır, hansı möcüzə Azərbaycan torpaqlarını işğaldan azad edilməsinə kömək oldu?
- Burada "dəmir yumruq", lider məsələsi əsas faktor idi. Bu məsələdə fikir ayrılığı yox idi. Azərbaycan heç bir halda güzəştə getmədi. Nə ərazi mübadiləsi, nə ölkə daxilində muxtariyyət məsələsində heç bir tərəddüd oldu. Sadəcə, hərbi yolla Qarabağın azadlığı üçün hazırlıqlar getməli idi. Uzun illər bu hazırlıqlar getdi. Düzgün mövqe seçildi və hamımızın istəyi bu prosesin tezləşməsi idi. Müəyyən şərait yarananda ən önəmli olan qətiyyət idi. Müharibədə qətiyyətli qərar hər şeyi həll edir. Prezident də o qətiyyətli qərarların verilməsində möhkəm və birmənalı oldu və bütün qərarların arxasında dayandı. Əsgər komandana o zaman nəticə verir ki, komandanda tərəddüd olmasın. Müharibə başlayandan mən Prezidentdə bir an da tərəddüd hiss etmədim.
Bu, əsgərə də, cəmiyyətə də güc verdi və hər kəs öz öhdəsinə düşənləri layiqincə yerinə yetirdi. Eyni zamanda, dünyada baş verən proseslər də imkan verdi ki, diplomatiyamız bu münaqişədən tənzimləmək üçün istifadə edə bilsin. Beləliklə, bəzi rayonlarımız müharibəsiz azad olundu. Təbii ki, bu da o iradənin, qətiyyətin bəhrəsi idi. İkinci mərhələdə isə ümumiyyətlə ərazi separatçılardan təmizləndi. Bunlar xalqımız üçün çox böyük nəticədir və çoxları bunu gözləmirdi. Hətta bəzilərinə görə, əməliyyatlar olarsa, biz daha çox ərazi itirə bilərik fikri var idi. Lakin reallıq tamamilə fərqli oldu. Tərəddüdsüzlük və qətiyyət, əsgərlərimizin yaxşı hazırlığı və şücaəti bu məsələni həll etdi.
AzNews.az