Sloveniya Azərbaycandan qaz tədarükünün artırılmasına ümid edir

6 Mart 2025 13:58 (UTC+04:00)

Sloveniya Bakı ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə və Azərbaycandan qazın alış həcminin artırılmasına ümid edir.

Bu barədə Sloveniyanın Ətraf Mühit, İqlim və Energetika Nazirliyindən bildirilib.

"Sloveniya və Azərbaycan son bir il ərzində əhəmiyyətli inkişaf nümayiş etdirən möhkəm və səmərəli münasibətlər qurub. Əminik ki, bu əməkdaşlıq gələcəkdə müxtəlif sektorlarda, xüsusilə enerji sahəsində də davam edəcək", - nazirlikdən bildirilib.

Qeyd olunub ki, hazırda Sloveniya və Azərbaycan Enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu layihəsi üzərində işləyir.

"Sloveniyanın Ətraf Mühit, İqlim və Energetika Nazirliyi ilə Azərbaycanın Energetika Nazirliyi arasında Memorandum layihəsinin razılaşdırılması başa çatmaq üzrədir. Bu sənəd enerji sektorunda əməkdaşlığımızın genişləndirilməsi üçün böyük potensiala malikdir və enerji təhlükəsizliyi və dayanıqlılığının təmin edilməsinə qarşılıqlı sadiqliyimizi əks etdirir", - nazirlikdən vurğulanıb.

Energetika Nazirliyindən xatırladıblar ki, nazir Boyan Kumerin 2024-cü ilin iyulunda Bakıya səfəri zamanı Azərbaycandan Sloveniyaya təbii qaz tədarükü ilə bağlı müzakirələr aparılıb və Sloveniyanın “Geoplin” şirkəti ilə SOCAR arasında təbii qaz tədarükü sahəsində əməkdaşlıq haqqında Memorandum imzalanıb.

"Bunun ardınca 2024-cü ilin iyul ayının sonunda Sloveniyaya Azərbaycan qazının tədarükünü təmin edən müqavilə imzalanıb. SOCAR və “Geoplin” arasında qaz tədarükünə dair sazişin detalları məxfi olsa da, Sloveniyaya Azərbaycan qazının tədarükünün həyata keçirildiyini təsdiqləməkdən məmnunuq. Gələcəkdə bu tədarükün davam etməsinə və qaz həcmlərinin mümkün artımına nikbin yanaşırıq", - nazirlikdən bildirilib.

Bundan başqa, qeyd olunub ki, onlar 2024-cü ilin noyabrında Bakıda keçirilən COP29-dan irəli gələn siyasi təşəbbüsləri, xüsusilə enerji sektoru ilə bağlı təşəbbüsləri diqqətlə izləyirlər.

"Sloveniya artıq “Qlobal Enerji Anbarları və Şəbəkələri Öhdəliyi” təşəbbüsünə qoşulub və əlavə təşəbbüslərin dəstəklənməsi və təsdiqlənməsi imkanlarını araşdırır. Bu siyasi səylər enerji sektorunda istixana qazı emissiyalarının azaldılması üzrə tədbirlərin sürətləndirilməsi üçün həlledici əhəmiyyət kəsb edir", - nazirlikdən qeyd ediblər.

Xəbər verildiyi kimi, SOCAR 2024-cü il avqustun 1-dən Sloveniyaya qaz tədarükünə başlayıb.