“Mənə elə gəlir ki, Donald Trampın hakimiyyəti dövründə ABŞ-da Bayden və Blinken administrasiyası tərəfindən imzalanmış bir çox qərar ciddi müzakirələrə səbəb olacaq. Çünki hazırkı qlobal münasibətlər sistemi elə bir mərhələyə çatıb ki, demokratların əvvəlki yanaşmaları yeni ABŞ hakimiyyəti tərəfindən ciddi şəkildə yenidən dəyərləndirilir və təftiş olunur”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.
Qeyd edək ki, ABŞ-ın sərhəd və gömrük nəzarəti üzrə mütəxəssislərdən ibarət “missiyanın” Ermənistana gəlişi ləngiyir. Yanvar ayında ABŞ-ın o zamankı dövlət katibi Entoni Blinken “missiya”nın yaxın həftələrdə Ermənistana gedəcəyini desə də, proses ölü nöqtədən tərpənmir. İddia edilir ki, bundan sonra Vaşinqton İrəvanla münasibətlərində Rusiyanın əleyhinə addım atmayacaq.
Siyasi şərhçi qeyd edib ki, hazırda elə bir vəziyyət yaranıb ki, Ermənistanla ABŞ-ın əvvəlki hakimiyyəti arasında əldə edilən razılaşmalar artıq mühüm siyasi faktor kimi dəyərləndirilmir.
“Konkret hərbi qrupların maraqlarına xidmət edə biləcək bir vasitə hesab olunmur. Ümumiyyətlə, ABŞ üçün hazırkı prioritet məsələlər Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərq böhranıdır. Bu problemlər həll olunmadıqca, Cənubi Qafqazın ABŞ-ın yeni administrasiyasının xüsusi maraq dairəsində olacağını düşünmürəm. Ən azı, ABŞ-ın yeni xarici siyasət kursunda köhnə münaqişələr ya yenidən nəzərdən keçirilir, ya da ümumiyyətlə arxa plana keçir”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az