“Bu, əslində çox mühüm məsələdir. Məsələ ondan ibarətdir ki, Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-Rusiya münasibətlərində müəyyən yumşalma müşahidə olundu və bu, gözlənilən idi. Çünki Trampın əvvəlki hakimiyyəti dövründə ABŞ-ın Rusiya ilə münasibətləri Bayden administrasiyasının dövründə olduğu qədər radikal deyildi. Buna görə də gözləntilər var idi ki, Tramp yenidən hakimiyyətə gəlsə, bu münasibətləri bərpa edəcək. Bundan əlavə, Tramp biznesmendir və o, sərt güc alətlərindən daha çox yumşaq metodlara, o cümlədən iqtisadi əlaqələrə üstünlük verir. Bu baxımdan da onun siyasətində Rusiya ilə münasibətlərin yumşalması təəccüblü deyildi və elə də oldu”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.
Xatırladaq ki, Ukrayna münaqişəsində xaosun dərinləşməsi fonunda Avropa İttifaqı (Aİ) və ABŞ sanki Ermənistanı unudub. Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiyanın ölkəsi üzərində təsirini azaltmaq məqsədilə bir müddət Qərbə yönəlsə də, ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsindən sonra yenidən rəsmi Moskva ilə münasibətlərin normallaşmasına maraq göstərir.
Siyasi şərhçi qeyd edib ki, ABŞ-Rusiya münasibətlərinin normallaşması, ikincisi isə Rusiyanın Ukraynada və Şərqi Avropada strateji üstünlüyü Ermənistanı narahat etməyə başlayıb.
“Şərqi Avropadakı proseslərin getdikcə Rusiyanın xeyrinə inkişaf etməsi Ermənistanın mövqeyini çətinləşdirir. Buna görə də Ermənistan bu iki məqamı nəzərə alaraq Rusiya ilə münasibətləri düzəltməyə çalışır. Çünki anlayır ki, əgər Rusiya bu müharibədən qalib çıxsa, Ermənistan üçün çətinliklər yarana bilər. İrəvan indidən qabaqlayıcı addımlar atmağa çalışır. Bu, ənənəvi erməni siyasətidir və müəyyən mənada uğur qazana bilər. Lakin Kremlin rəsmi İrəvanın atdığı addımları unutmayacağı da aydındır. Ukrayna müharibəsindən sonra Rusiyanın Ermənistana bir növ “qulaqburması” verməsi mümkündür. Türkiyə və Azərbaycanın Ermənistanla bağlı mövqeyi isə aydındır və konkret şərtlərə əsaslanır. Ermənistanın Rusiya ilə münasibətlərindən asılı olmayaraq, Ankara və Bakı öz tələblərinin yerinə yetirilməsində israrlı qalacaq və mövqelərindən geri çəkilməyəcək. Digər məqam isə Paşinyanın siyasətindəki dəyişkənlikdir”.
Siyasi şərhçi daha sonra bildirib:
“Paşinyan daim vəziyyətə uyğun olaraq siyasi kursunu dəyişə bilən bir liderdir və hazırkı durumda da bu metoddan istifadə etməyə çalışır. Bununla belə, onun indiki anda devrilməsi nə ABŞ-a, nə Avropa İttifaqına, nə də Rusiyaya sərfəlidir. Əksinə, Paşinyan bu üç qüvvənin də maraqlarına uyğun bir liderdir və bu səbəbdən hələlik hakimiyyətdə qalacağı ehtimal olunur. Azərbaycanın şərtlərinin yerinə yetirilməsi məsələsinə gəlincə, Paşinyanın sülh istədiyini düşünürəm. O, ağıllı siyasətçidir, lakin vəziyyəti olduqca çətindir. Çünki daxildə ona qarşı ciddi müxalif qüvvələr mövcuddur. Ermənistan daxilində kifayət qədər narazı təbəqə var və üstəlik, həm Rusiya, həm Qərb qarşısında balansı qorumağa çalışır. Belə bir şəraitdə Paşinyan radikal addımlar ata bilməz və cəmiyyəti bu cür dəyişikliklərə tədricən hazırlamaq yolunu tutur. Məsələn, Ermənistan himninin dəyişdirilməsi məsələsi əslində xalqın nəbzini yoxlamaq məqsədi daşıyırdı. Güman etmək olar ki, bu cür dəyişikliklər tədricən davam edəcək”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az