BMT-nin İnsan Hüquqları Şurasında Qərbi Azərbaycanla bağlı tədbir keçiriləcək

10 Mart 2025 11:41 (UTC+04:00)

İndiyədək Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qərbi Azərbaycanla bağlı 53 layihə icra olunub.

Bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Milli Məclisdə keçirilən “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda ictimai dinləmədə deyib.

Onun sözlərinə görə, cari ildə 51 layihə qalib elan olunub və bu layihələrə ümumilikdə 667 min manat vəsait ayrılıb:

"Bu il BMT-nin İnsan Hüquqları Şurasının növbəti sessiyasında Qərbi Azərbaycanla bağlı yan tədbir keçiriləcək”.

A.Əliyeva xatırladıb ki, 2024-cü il ərzində qrant müsabiqələri çərçivəsində “Qərbi Azərbaycana qayıdış prosesi” mövzusu üzrə 29 qeyri-hökumət təşkilatının təqdim etdiyi layihə qalib elan edilib:

"Həmin layihələrin maliyyələşməsinə ümumilikdə 374 min 50 manat vəsait ayrılmışdı. Layihələr çərçivəsində Azərbaycan, Belçika, Türkiyə, Rusiya, Niderland, Özbəkistan kimi ölkələrdə Qərbi Azərbaycanla bağlı müxtəlif tədbirlər təşkil olunub. Filmlər, saytlar, TV verilişlər, kitablar, hesabatlar hazırlanıb".

İcraçı direktor bildirib ki, Qərbi azərbaycanlıların soyqırımına, deportasiyalara məruz qalması, onların hüquqlarının bərpa olunması, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının reallaşdırılması istiqamətində görülən işlər, Qərbi Azərbaycanda tarixi-mədəni abidələrin dağıdılması və s. mövzularla bağlı hazırlanan üç məqalə ABŞ, Livan, Özbəkistan, İraq, Pakistan, Misir, İordaniya, Türkiyə, Əlcəzair, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və Küveyt mediasında dərc olunub.