2024-cü ildə Azərbaycanda adambaşına 163 nağdsız əməliyyat aparılıb ki, bu da 2023-cü illə müqayisədə 75,3 % çoxdur.
Bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.
"2024-2026-cı illər üzrə Maliyyə Sektorunun İnkişaf Strategiyası”nda innovativ həllərin tətbiqilə ödəniş xidmətlərinə əlçatanlığın artırılması, ödəniş bazarında şəffaflıq və rəqabətliliyin gücləndirilməsi, habelə ödəniş xidmətlərində səmərəlilik və təhlükəsizliyin təmin edilməsi məqsədilə milli ödəniş sisteminin müasirləşdirilməsi, bazar iştirakçıları üçün əlverişli bazar mühiti yaradılması və effektiv nəzarət çərçivəsinin formalaşdırılması nəzərdə tutulur. Strategiyanın əsas məqsədlərindən biri növbəti illər ərzində adambaşına düşən orta illik nağdsız əməliyyat sayının potensial olaraq 200-ə çatdırılmasıdır.
Nağdsız ödənişlərdən istifadənin artması fonunda ödəniş kartlarından istifadə zamanı baş verən fırıldaqçılıq hallarına qarşı mübarizə və bu sahədə maarifləndirmə tədbirlərinin genişləndirilməsi də diqqət mərkəzində saxlanılıb. Rəqəmsal ödənişlər üzrə dələduzluq hallarının aşkarlanması istiqamətində qurumlararası davamlı informasiya mübadiləsinin aparılması, əldə olunan məlumatların operativ təhlil edilərək preventiv tədbirlərin həyata keçirilməsi məqsədilə hüquq-mühafizə orqanları, bank və bank olmayan ödəniş xidməti təchizatçılarının nümayəndələrindən ibarət xüsusi işçi qrupu yaradılıb", - deyə İcmalda qeyd olunub.