Cavid Vəliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilib

10 Mart 2025 13:21 (UTC+04:00)

Cavid Vəliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, C.Vəliyev 1979-cu ildə Sumqayıt şəhərində anadan olub. 1998-2002-ci illərdə Türkiyənin Ege Universitetində jurnalistika üzrə bakalavr təhsili alıb. Qazi Universitetinin Beynəlxalq münasibətlər fakültəsində magistr, Ankara Universiteti Beynəlxalq münasibətlər fakültəsində doktorantura dərəcələrinə yiyələnib.

O, 2005-2009-cu illərdə Türkiyə Milli Təhlükəsizlik Strateji Araşdırmalar Mərkəzi (TUSAM), 2009-2019-cu illər arasında Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində çalışıb.

C.Vəliyev Türkiyənin "Hurriyetdailynews" (İngilis), "Yeni Şafak", "Cümhuriyyət" qəzetlərində, "Anadolu" Agentliyində, ABŞ-də nəşr olunan "Eurasia Daily Monitor", "National Interest" və Avropada nəşr olunan "Modern Diplomacy" kimi jurnallarda Cənubi Qafqaz, Azərbaycanın xarici siyasəti və Ermənistan-Azərbaycan münaqişəsi haqqında 200-dən çox qısa məqalənin müəllifidir.