Fransanın müdafiə naziri Sebastien Lecornu Ukraynanın istənilən tərksilahını rədd edəcəklərini bildirib.
Paytaxt Parisdəki Hərbi Məktəbdə nazir Lekornu, Hollandiyanın müdafiə naziri Ruben Brekelmans, Avropa və NATO ölkələrinin baş qərargah rəisləri, müxtəlif ölkələrin yüksək rütbəli hərbi rəsmiləri və bu sahədə ekspertlərin iştirakı ilə Paris Müdafiə və Strategiya Forumu keçirilir.
Avropada müharibənin qaytarılması, strateji inkişaflar, texnoloji transformasiyalar, müdafiə sahəsində əməkdaşlıq və Ukraynanın Avropa müdafiə sektoruna daxil edilməsi kimi məsələlərin müzakirə olunacağı forum martın 13-dək davam edəcək.
Forumun açılışındakı çıxışında dünyanın yeni bir dövrə qədəm qoyduğuna diqqət çəkən nazir Lekornu, "Artıq soyuq müharibə dövründə deyilik, lakin sülhün gətirdiyi qazanclar dövründə də deyilik. Təyin edilməsi çətin olan bir dövrə daxil olduq", - deyə qeyd edib.
Bu gün kiber hücumlar kimi təhdidlərin görünməz olduğuna diqqət çəkən Lekornu, "Müharibə içində olduğumuzu deyə bilmərəm, amma biz də artıq sülh içində deyilik", - deyə vurğulayıb.
Fransalı nazir vurğulayıb ki, avropalılar öz təhlükəsizlik və müdafiə strategiyalarını başqalarının ixtiyarına buraxa bilməzlər.
Forumda Ukraynanın gələcək ordusunun necə olmasının da müzakirə olunacağını qeyd edən Lekornu, “Biz birinci təhlükəsizlik zəmanətinin Ukrayna ordusu olması prinsipi ilə hərəkət etməliyik və Ukraynanın istənilən tərksilahını rədd edəcəyik”, - deyə əlavə edib.
Mövsüm
Aznews.az